- Rüfət müəllim, 2019-cu ilin birinci yarısının sosial-iqtisadi yekunları artıq ictimaiyyətə açıqlanıb. Əldə olunan göstəricilər nə deyir?
- Yarımillik nəticələri Prezident İlham Əliyev yüksək qiymətləndirib və bunun ciddi əsasları var. Makroiqtisadi rəqəmlərimizə baxdıqda iqtisadiyyatın xeyli inkişaf etdiyinin şahidi oluruq. O cümlədən qeyri-neft sektorunda mükəmməl irəliləyişlərə nail olmuşuq. Bu ilin yanvar-iyul aylarında ölkədə 4,5 milyard manata yaxın ümumi daxili məhsul istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox olub. Bu dövrdə iqtisadiyyatın qeyri-neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 3 faiz, neft-qaz sektorunda isə 1,9 faiz artıb. Gördüyünüz kimi, qeyri-neft-qaz sektorunun artım tempi ÜDM-in artımını üstələyib. Bu onu göstərir ki, həmin sektor daha uğurla və sürətlə inkişaf edir. Təbii ki, biz tezliklə kiçik və orta biznesin istehsal etdiyi məhsulların və göstərdiyi xidmətlərin ÜDM-dəki payının 50 faizə çatmasını gözləyirik. Bu istiqamətdə intensiv işlər aparılır. Bilirsiz ki, kiçik və orta biznesin (KOB) inkişafı üçün qanunvericilikdə dəyişikliklər edilib, onlar üçün xüsusi meyarlar və güzəşt mexanizmləri hazırlanıb. Vergi Məcəlləsinə bu il edilmiş yeniliklərə əsasən, KOB-un fəaliyyətinə dəstək göstərən klaster şirkətləri 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. KOB klasterinin iştirakçısı isə 7 il müddətində əldə etdiyi mənfəətin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin gəlir vergisindən azad edilib. Bütün bunlar həmin sahələrdə sahibkarlığın daha sürətli inkişafına təkan verəcək.
İlin əvvəlindən həyata keçirilən sosial islahat paketləri
milyonlarla vətəndaşın həyatında öz real bəhrəsini verib
- İlin ilk 7 ayında islahatlar daha çox sosial yönümlülüyü ilə seçilir, bu sahədə həyata keçirilən tədbirlər vətəndaşların həyatında hansı dəyişikliklərə səbəb olub?
- Sosial sfera istər büdcənin tərtib edilməsində, istər iqtisadiyyatın inkişafında həmişə öndə olub. Azərbaycanın üstünlük verdiyi inkişaf modelində bu sahəyə kifayət qədər yüksək diqqət yetirilir. İstənilən rəqəmi götürsək görəcəyik ki, 2016, 2017, 2018-ci illərə nisbətən bu il göstəricilər kifayət qədər yüksəkdir. İlin əvvəlindən həyata keçirilən sosial islahat paketləri milyonlarla vətəndaşın həyatında öz real bəhrəsini verib. Birinci paket 3 milyon insanımızı əhatə etdi və ümumi illik maliyyə tələbi 1,6 milyard manat təşkil etdi. Bu sosial islahat paketi çərçivəsində həm pensiyaçıların, həm də işləyən vətəndaşların əmək haqları artırıldı. İkinci sosial paket isə gələn aydan icra olunmağa başlayacaq. Sentyabrın 1-dən minimum əməkhaqqının 250 manata çatdırılması nəzərdə tutulub ki, bu da təxminən 400 min nəfər vətəndaşımızın gəlirlərinə təsir edəcək. Oktyabrın 1-dən isə 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı işlər aparılır. Hər iki paketin ümumi dəyəri bu il üçün 2,3 milyard manatdır və 4,2 milyon nəfəri əhatə edəcək. Bundan başqa, 1,3 milyon nəfərin müavinət və təqaüdləri artırılıb. Onlardan 300 min nəfərdən çoxu əlilliyi olan şəxslərdir. Ümumilikdə, bu müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə edir və onların gəlirlərinə əhəmiyyətli şəkildə təsir edir. Təbii ki, bu cür layihələr gələcəkdə də davam etdiriləcək.
Regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin edilməsi istiqamətində
kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer
təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır
- Azərbaycanın hazırkı inkişafında qeyri-neft sektoru xüsusi yer tutur. Qeyri-neft ixracının artması ilə bağlı vəziyyəti necə qiymətləndirmək olar?
- Azərbaycanın ixrac potensialında qeyri-neft məhsullarının payı hər il artır. İxrac prosedurları və əlaqələrin qurulması mexanizmlərinin sadələşdirilməsi buna təkan verib. Burada bizim üçün iki istiqamət önəmlidir. Onlardan biri idxal məhsullarının yerli mallarla əvəz olunmasıdır. Ölkə daxilində məhsul istehsalının təmin edilməsi, xüsusən, aqrar sahədə özünü göstərməlidir. İnsanların tələbatı daha çox daxili istehsal hesabına ödənilməlidir. Təbii ki, bu bizə həm yeni iş yerləri açmağa, həm də valyuta ehtiyatlarımızı artırmağa imkan verir. Yeri gəlmişkən, bu il valyuta ehtiyatlarımız rekord həddə – 49 milyard dollara çatıb. Bu, ölkə üçün böyük uğurdur. Bu ilin altı ayında valyuta ehtiyatlarımız 4 milyard dollar artıb. İkinci istiqamət isə ixracyönümlü məhsul istehsalının artırılmasıdır. Bu sahədə də ciddi irəliləyişlərə nail olunub.
Bu gün ölkəmizdən daha çox kənd təsərrüfatı məhsulları ixrac olunur. Təbii ki, biz başqa məhsulların, o cümlədən yerli zavod və fabriklərin məhsullarının daha geniş çeşiddə ixrac edilməsini gözləyirik. Bu, insanların həyat şəraitinin yaxşılaşması ilə yanaşı, Azərbaycana daha çox xarici valyutanın gəlməsini təmin edəcək.
Əmək bazarında şəffaflaşdırma proseslərinə başlanılması nəticəsində
işçilərin sayı və əməkhaqqı fondunda yüksək artım dinamikası müşahidə olunur
- Regionların inkişafı, yeni iş yerlərinin yaradılması istiqamətində hansı addımların atılmasını zəruri hesab edirsiniz?
- Məqsədimiz qeyri-neft sektorunun artımı proseslərində daha çox kiçik və orta biznesə şərait yaratmaqdır. Bunun üçün dövlət əlindən gələni edir. Regionlarda yaradılan 9 sənaye parkı və məhəlləsində 78 rezident qeydiyyatdan keçib və 45 rezident artıq fəaliyyətə başlayıb. Həmin sahələrə 5,7 milyard manat məbləğində investisiya qoyulub. Layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri yaradılıb. Regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin edilməsi istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. Artıq 22 aqropark fəaliyyətə başalayıb. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulması gözlənilir. Nəticədə 4 mindən çox yeni iş yeri yaradılacaq.
İnvestisiyaların təşviqi sahəsində görülən işlər də regionların inkişafına müsbət təsir göstərir. Bu günədək 400-ə yaxın layihə təşviq olunub və onların nəticəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub, 16 mindən çox yeni iş yerin açılıb.
- Hazırda ölkə iqtisadiyyatının şəffaflaşdırılması sahəsində mühüm tədbirlər davam etdirilir. Bu siyasət vergi-gömrük sahəsində daxilolmaların həcminin artmasına da öz müsbət təsirini göstərir...
- Şəffaflaşma prosesləri bir neçə istiqamətdə müsbət nəticələr verib. Əmək bazarında şəffaflaşdırma proseslərinə başlanılması nəticəsində işçilərin sayı və əməkhaqqı fondunda yüksək artım dinamikası müşahidə olunur. Təkcə əmək müqavilələrinin sayında ilk 7 ayda 109 min artım olub. Bunların nəticəsində sosial sığorta haqları üzrə daxilolmalar 16,3 faiz artaraq 1 milyard manatı keçib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,1 faiz, işsizlikdən sığorta haqları üzrə daxilolmalar 46,6 faiz artıb. Gömrük prosedurlarında da ciddi şəffaflaşma və sadələşmə aparılıb. Bu istiqamətdə atılan istənilən addım Azərbaycan iqtisadiyyatının "kölgə"dən daha çox çıxarılması və şəffaf formada işləməsi üçün əlverişli mühit yaradır. Bu sahədə həyata keçirilən islahatlar qarşıya qoyulan hədəflərə çatmağa imkan verir.
Fərqanə ALLAHVERDİQIZI