"Sığortalı gələcək" proqramına start verilib

2019.08.22 10:38 (UTC+04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatası və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN könüllülük məktəbi" layihəsi çərçivəsində "Sığortalı gələcək" adlı təşviqat proqramı hazırlayıb. Proqram "ASAN xidmət" mərkəzlərində müddətli fəaliyyət göstərəcək könüllülərin sığorta sahəsində təcrübə qazanmasını, sığorta mövzuları üzrə praktiki bacarıqlara yiyələnməsini nəzərdə tutur.

Proqramda iştirak etmək hüququ qazanmış könüllülər 2 həftəlik təlim kursunda iştirak edəcək, sonrakı mərhələdə isə Bakı şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərəcəklər. Könüllülərin fəaliyyət istiqamətləri, əsasən, sığorta sahəsində əhalinin maarifləndirilməsi, sığortaya ictimai marağın artırılması və insanlar arasında müxtəlif sorğuların keçirilməsi olacaq.