İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 102.1.8- ci maddəsində edilmiş dəyişikliyə əsasən, işəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə azadolma yalnız qeyri-dövlət sektoruna aid edilən işəgötürəndə çalışan fiziki şəxslərə münasibətdə tətbiq edilir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli 98-VIIQD nömrəli Qanunun keçid müddəalarına əsasən, sözügedən maddə 2025-ci il yanvarın 1-dən sonra bağlanmış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə ödənilən sığorta haqlarına münasibətdə tətbiq edilir. Qeyri-dövlət sektoruna aid edilməyən vergi ödəyicilərinə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 ili tamam olmamış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan vergi güzəşti yalnız həmin müqavilələr bağlandığı tarixdən 3 il ərzində ödənilən sığorta haqlarına tətbiq edilir.
Qeyri-dövlət sektoruna aid edilməyən vergi ödəyicilərinə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan vergi güzəşti yalnız 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına tətbiq edilir.
Qeyd olunanlara əsasən, 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanılmış və həmin tarixədək 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası müqavilələri (sorğuda göstərilən halda 01.01.2021-ci ildə 5 illik bağlanılmış müqavilə) üzrə dövlət sektorunda çalışan muzdlu işçilərin əməkhaqqından yalnız 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına münasibətdə vergi güzəşti tətbiq olunur və həmin müqavilə üzrə 2025-ci ilin yanvarın 1-dən sonrakı dövrlər üzrə ödənilmiş sığorta haqlarına vergi güzəşti tətbiq edilmir. 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanılmış və həmin tarixədək 3 ili tamam olmamış həyatın yığım sığortası müqavilələri (sorğuda göstərilən halda, 01.01.2024-cü ildə 5 illik bağlanılmış müqavilə) üzrə isə dövlət sektorunda çalışan muzdlu işçilərin əməkhaqqından həmin müqavilələr bağlandığı tarixdən 3 il ərzində ödənilən sığorta haqlarına vergi güzəşti tətbiq olunur.
Əsas: Vergi Məcəlləsinin 102.1.8-ci maddəsi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli 98-VIIQD nömrəli Qanunun keçid müddəaları