İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.30-1-ci maddədə nəzərdə tutulan vergi güzəşti yalnız bu maddədə sadalanan fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərə tətbiq edilir.
Bununla yanaşı, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.9-cu maddəyə əsasən, bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, həmin maddədə nəzərdə tutulan güzəşt hüququndan o halda istifadə edə bilər ki, bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın. Buna əsasən, həm layihə-dizayn, həm də təmir-tikinti fəaliyyəti göstərən fiziki şəxsin layihə-dizayn fəaliyyətindən əldə etdiyi gəlirlərin 40.000 manatadək olduğu və bu gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisinin 50 faizdən çox olduğunu nəzərə alaraq (40.000/70.000*100=57%), həmin şəxsin hər iki fəaliyyətindən əldə olunan ümumi gəlirlərinə münasibətdə 75 faiz gəlir vergisindən azadolma tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 102.1.30-1-ci və 102.9-cu maddələri