- Elnur müəllim, MFDP-nin əsas məqsədi nədir və bu proqramla milli brendlərimizin xarici bazarlara çıxışı necə asanlaşacaq?
- Milli Françayzinq Dəstək Proqramını 2024-cü ildə başlatmışıq və qısa müddətdə 3 brendin tam françayzinq modeli hazırlanıb. Onlardan “Love Lokum”un ilk franşizası artıq Bakıdakı Ağ Şəhərdə açılmaq ərəfəsindədir. Digər proqram iştirakçımız “Hədəf” liseyidir. Qazaxıstanlı həmkarlarımızla birlikdə bu istiqamətdə danışıqlarımız davam edir. MFDP-nin üçüncü iştirakçısı “Lekal” isə artıq 25 ildir bazarda fəaliyyət göstərən, dəftərxana ləvazimatlarının distribyutoru kimi tanınan bir şirkətdir və keyfiyyətli məhsulları, onlayn mağaza üstünlükləri və peşəkar komandası ilə franşiza sahəsində uğur qazanacağına inandığımız milli bizneslərimizdəndir. Yeri gəlmişkən, 2026-cı il üçün əsas hədəfimiz 10 yeni milli brendin françayzinq modelini hazırlamaq və onları həm yerli, həm də xarici bazarlara çıxarmaqdır. Azərbaycan Françayzinq Assosiasiyası ilə birgə məqsədimiz ölkəmizdə dayanıqlı milli françayzinq ekosistemini formalaşdırmaqdır. Bu məqsədimizə nail olmaq üçün dövlət qurumları, özəl sektor və investorları bir araya gətirən vahid françayzinq ekosistemini qurmaq üzərində çalışırıq. Düşünürəm ki, milli françayzinq ekosisteminin effektiv formalaşması üçün maarifləndirmə və təlimlər, françayzinq bizneslərinə güzəştli kredit mexanizmlərinin tətbiqi vacib amillərdəndir. İnvestisiya təşviqi, milli brendlərimizin beynəlxalq françayzinq sərgilərində fərdi və milli pavilyonlarda tanıtımı da bu bazarın genişlənməsinə müsbət təsir göstərə bilər.
2026-cı il üçün əsas hədəfimiz 10 yeni milli brendin françayzinq
modelini hazırlamaq və onları həm yerli, həm də xarici bazarlara çıxarmaqdır
- Dediklərinizdən aydın olur ki, artıq Azərbaycanda françayzinq mədəniyyəti formalaşmağa başlayıb. Gəlin, indi bu bazarın ümumi vəziyyətinə nəzər salaq.
- Azərbaycanda françayzinq nisbətən yeni, amma çox sürətlə formalaşan bir sahədir. Hazırda ölkəmizdə 20-yə yaxın milli brendin 300-ə yaxın françayzinq nöqtəsi var.
Ən dinamik sahələrə gəlincə, burada restoran, geyim, təhsil ilə bağlı xidmətlər sektoru daha öndə gedir. Turizm, oyun, IT sahəsində bizneslər də françazyinqdə kifayət qədər aktivdir. Düşünürəm ki, bunun səbəbi bazar tələbatı, dolayısilə gəlirli olmaları ilə bağlıdır. Bu sadaladığım sahələr rahat sistemləşdirilə bilir və burada miqyaslanabilmə faktorları da böyük rol oynayır.
- Françayzinqin sürətli inkişafı ilə yanaşı, e-ticarətin artması da sahibkar davranışlarını dəyişir. Sizcə, bu keçid françayzinq modelləri üçün təhdiddirmi, yoxsa yeni imkanların başlanğıcıdır?
- Tam əksinə, bu, çox əla fürsətdir. Biz artıq fiziki və onlayn françayzinq modellərini birləşdirən “omnichannel” strukturları hazırlayırıq. Model brendlərə həm fiziki mağazalarla, həm də e-ticarət üzərindən satışla çoxkanallı gəlir axını yaradır. Bu, post-pandemiya dövründə sahibkar üçün “ikinci nəfəs” idi. Onu da unutmayaq ki, texnologiya və innovasiya françazyinq biznes modellərinə daha rahat adaptasiya olunaraq rəqabətədavamlılığı artırır. Texnologiya biznes modellərini dəyişir, amma müştərinin seçimini hələ də emosiyalar və etibar müəyyənləşdirir.
Hazırda ölkəmizdə 20-yə yaxın milli brendin 300-ə yaxın françayzinq nöqtəsi var
- Françayzinqdə hansı daha vacibdir – məhsul loyallığı, yoxsa brend loyallığı?
- Məhsulun deyil, brendin və biznes modelinin ixracı vacib amildir. Təsəvvür edin, sadəcə bir məhsulu ixrac edirsinizsə, o zaman xaricdəki distribütor sizinlə ancaq daha ucuz və ya daha rahat alternativ variant tapana kimi işləyəcək. Bu, kommersiya münasibətidir, loyallıq məhsula deyil, qiymətə bağlıdır. Ancaq françayzinq konsepti ilə ixrac aparırsınızsa, yəni həm brendin dəyərini, xidmət keyfiyyətini, təlim sistemini, satış modelini və bütöv müştəri təcrübəsini bir paket şəklində ötürürsünüzsə, o zaman bu, artıq emosional və strateji tərəfdaşlığa çevrilir.
“Love Lokum” markası üzərindən bir misal çəkəcəyəm. Bu marka təkcə şirniyyat satmır, eyni zamanda Azərbaycanın qonaqpərvərliyini, təbii dad fəlsəfəsini və keyfiyyət standartlarını təmsil edir. Markanı alan xarici tərəf üçün bu, sadəcə bir “lokum dükanı” deyil, Azərbaycan brendi ilə bir kimlik əməkdaşlığıdır. Bu səbəbdən, françayzinq sadəcə malların ixracı deyil, həm də dəyərlərin və etibarın ixracıdır. Beləliklə, məhsul loyallığı qısaömürlü, brend loyallığı isə uzunmüddətli və dayanıqlı ixrac yaradır. Başqa sözlə, məhsulu satmaqla qazanırsan, brendi qurmaqla isə bazarda qalıcılığını saxlayırsan.
- Xarici markalar Azərbaycanın françayzinq bazarına necə baxır?
- Son illər turizmin genişlənməsi və formalaşan şəhər infrastrukturu xarici brendlərin Azərbaycana françayzinq verməsini sürətləndirib. Hazırda bəzi beynəlxalq “fastfood” və xidmət markaları ilə françayzinqin alınması üçün danışıqlar aparılır. Ən önəmlisi odur ki, artıq Azərbaycan idxal edən deyil, ixrac edən françayzinq ölkəsinə çevrilir. Haqqında bəhs etdiyimiz MFDP isə bu yeniliyin mərkəzində yer alır.
Ölkəmizdə françayzinq üçün qida, sağlamlıq və təhsil sahələri ən perspektivli istiqamətlərdəndir. Fikrimcə, lokal dəyərlərlə qlobal standartların birləşdiyi modellər daha uğurlu olacaq və bazarda daha möhkəm mövqe tuta biləcək. Məsələn, milli mətbəx elementlərini daşıyan, lakin idarəetmə və xidmət keyfiyyəti qlobal səviyyədə olan konseptlər Azərbaycanın françayzinqdə fərqləndirici üstünlüyüdür. Xüsusən, hər ölkədə analoqları olan (çebureki, gözleme) qutabımız da müxtəlif çeşidləri ilə tam inamlı qələbə qazanmağa layiqdir.
Texnologiya biznes modellərini dəyişir,
amma müştərinin seçimini hələ də emosiyalar və etibar müəyyənləşdirir
- Xarici brendlərlə əməkdaşlıqda ən həssas məqamlardan biri müqavilədir. Bu sənədlərdə sahibkarların ən çox buraxdığı səhvlər nələrdir və onları necə önləmək olar?
- Təcrübə göstərir ki, yerli françayzilərin bir çoxu xarici ölkələrdən olan həmkarları ilə imzaladıqları müqavilə şərtlərini bəzən “qanun” və ya “dəyişməz qayda” kimi qəbul edirlər. Halbuki bu yanaşma düzgün deyil. Bir çox hallarda bizim mərkəzin mediatorluğu ilə aparılan üçtərəfli danışıqlar nəticəsində yerli françayzilərimizin maraqlarına uyğun olaraq, müqavilə şərtlərində dəyişikliklər edilib və onların bazarda dayanıqlı inkişafına şərait yaradılıb.
İkinci geniş yayılmış səhv isə emosional qərarvermədir. Françayzinq modelində hər bir addım rasional hesablamalara əsaslanmalıdır. Xüsusilə, maliyyə modeli, royalti ödənişləri — yəni franşayzinin brend sahibinə ödədiyi mütəmadi haqlar, ərazi eksklüzivliyi, təlim və dəstək mexanizmləri müqavilədən əvvəl tam aydınlaşdırılmalıdır. Mərkəzimiz bu prosesi dəstəkləmək məqsədilə hüquq tərəfdaşlarımız vasitəsilə françayzinq üzrə “due diligence” (DD) xidməti təqdim edir. Bu xidmət əməkdaşlıqdan öncə qarşı tərəfin istər françayzer, istər françayzi olsun - maliyyə sabitliyini, hüquqi statusunu, brend dəyərini və əməliyyat sisteminin effektivliyini ətraflı qiymətləndirən kompleks araşdırmadır.
Unutmamalıyıq ki, müqavilə mərhələsində hüquqi dəqiqlik nə qədər vacibdirsə, texnoloji trendləri izləmək də françayzinq biznesinin gələcək uğurunu müəyyən edən əsas amillərdəndir.
- Son dövrlərdə süni intellektin rolu barədə çox danışılır. Bu texnologiyanın françayzinq sisteminə real təsiri nə ola bilər?
- Süni intellekt bu sahəyə bir çox yenilik gətirəcək. Biz artıq MFDP platformasında “SaaS” (Software as a Service) versiyası üzərində çalışmalara başlamışıq. Bundan əlavə, proqramın “Franchise Diagnostic Tool” yeniliyi üzərində də işləyirik. Bu sistem süni intellekt (AI) əsasında bir biznesin françayzinqə uyğunluğunu ölçəcək. Yaxın 2 ildə təlimlər, maliyyə analizləri, hətta müştəri xidmətləri də AI tərəfindən dəstəklənəcək. Bu, xüsusilə françayzerlər üçün idarəetmədə şəffaflıq və effektivlik yaradacaq.
Françayzinq sadəcə malların ixracı deyil, həm də dəyərlərin və etibarın ixracıdır
- “Made in Turan” konsepsiyası Azərbaycan brendlərinin beynəlxalq tanınmasına necə təsir göstərə bilər?
- Azərbaycan Françayzinq Assosiasiyasının sədrinin təşəbbüsü ilə “Made in Turan” markası yaradılıb. Bu ad türk dövlətləri brendlərinin regional françayzinq ixracı anlamına gəlir. Azərbaycanın məhsul və xidmət brendləri üçün Qazaxıstan, Özbəkistan və Türkiyə bazarları ilk təbii pillədir. Həmçinin, “Made in Turan” brendi altında hədəf Körfəz ölkələri, Afrika, Orta Şərq və Mərkəzi Asiya, Uzaq Şərq, Avropa bazarlarıdır. Azərbaycan Françayzinq Mərkəzi olaraq, biz də bu təşəbbüsü daim dəstəkləməyə hazırıq və artıq ortaq layihələr ətrafında müvafiq hazırlıqlara başlamışıq.
Müsahibənin sonunda E.İslamov vurğuladı ki, françayzinq təkcə biznes modeli deyil, sahibkarlığın sistemli düşüncə mədəniyyətidir və Azərbaycanın uğurlu brendləri bu mədəniyyəti region miqyasında paylaşmağa hazırdır.
Faiq KƏRİMOĞLU