Təmassız ödənişlərdə yeni dövr: “AzQR” standartı sahibkarlara necə təsir edəcək? MƏQALƏ

2025.10.28 11:19 (UTC+04:00)

Texnologiyanın sürətli inkişafı ilə bərabər, bank sitemində köklü dəyişikliklər yaşanır ki, bunlardan başlıcası QR ödənişlər sistemidir. Artıq dünyanın bir çox ölkəsində uğurla sınaqdan keçirilən bu yenilik təmassız və sürətli ödəniş imkanı yaratmaqla həm istehlakçılar, həm də sahibkarlar üçün yeni imkanlar açır. Bu texnologiya nağd pul və plastik kartların istifadəsini azaldaraq həm gigiyenik, həm də effektiv bir alternativ olaraq önə çıxır. Pandemiya dövründə artan təmassız ödəniş tələbi QR-kodlu sistemlərin populyarlığını daha da yüksəldib. İnsanlar birbaşa telefonlarından ödəniş etməklə həm özlərini, həm də digərlərini infeksiyalardan qorumaqla bərabər, sürətli və rahat alış-veriş imkanı əldə edirlər. Ödəniş üçün yalnız mobil cihaz və internetə ehtiyac qalır ki, bu da müştəriləri əlavə vasitələr daşımaq yükündən xilas edir.

Mütəxəssislərə görə, QR ödəniş sistemləri texnoloji yenilik olmaqdan savayı, iqtisadiyyatın rəqəmsal transformasiyasında da vacib bir alət kimi şərh edilməlidir.

Mikro, kiçik və orta sahibkarların işi asanlaşır

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, sahibkarlardan nağdsız ödənişlərin qəbulu üçün POS-terminal quraşdırmaq tələb olunur. QR-kodla ödənişlərə keçid isə irəliyə doğru növbəti addım hesab edilə bilər. İqtisadçı Xalid Kərimli hesab edir ki, kiçik sahibkarlar üçün bu, bazarda rəqabət qabiliyyətini artırmaq və müştərilərlə daha sıx əlaqə qurmaq üçün yeni qapılar açır. Mikro və kiçik sahibkarlar üçün QR ödəniş sistemləri xüsusi əhəmiyyət kəsb edir. Çünki bu sistemlər əlavə avadanlıq və ya mürəkkəb infrastruktura ehtiyac olmadan, sadəcə, smartfonla asanlıqla tətbiq edilə bilir. Bu da biznesin rəqəmsallaşmasını sürətləndirir, müştəri təcrübəsini yaxşılaşdırır və əməliyyat xərclərini azaldır.

Rəqəmsal ödənişlərdə artım və maliyyə inklüzivliyi

O da sirr deyil ki, bütün bank müştəriləri üçün QR ilə ödəmənin əlçatan olması rəqəmsal ödənişlərdə sıçrayışa səbəb olacaq. X.Kərimli vurğulayır ki, rəqəmsal ödənişlərin artması şəffaflığın yüksək səviyyədə təmin olunması deməkdir. Belə maliyyə əməliyyatları zamanı bütün lazımi məlumatlar bankda şəffaf şəkildə görünür ki, bu da “kölgə iqtisadiyyatı”nın azalmasına müsbət təsir edən amildir. Digər tərəfdən, nağdsız və rəqəmsal ödənişlərin genişlənməsi, fərqli alternativlərin peyda olması maliyyə inklüzivliyi yaradır. Bankların yeni ödəmə alətlərini istifadəyə verməsi ilə sahibkarlar da bank əməliyyatlarında maraqlı olmağa başlayırlar. Bir sözlə, ekspert sahibkarlar üçün xərclərin azalması, müştərilər üçün isə fərqli alternativlərin mövcud olması baxımından yeniliyi təqdirəlayiq hal kimi qiymətləndirir.

Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ilin sonuna kimi ölkədə bütün bankların “AzQR” standartına keçəyini və bunun bütün ödəniş nöqtələrində əlçatan olacağını bildirib.

Faiq KƏRİMOĞLU