Yollarımızda yerli nişanlar: istehsalçılar effektiv nəticələr vəd edirlər MƏQALƏ

2025.10.20 10:22 (UTC+04:00)

Yol hərəkətinin tənzimlənməsi sahəsində göstərici nişanların və xətlənmənin rolu danılmazdır. Bu elementlər düzgün quraşdırıldıqda, xətlər dəqiq çəkildikdə nəqliyyat axını daha nizamlı və təhlükəsiz şəkildə təmin edilir. Son illər dünya təcrübəsində ənənəvi dəmir nişanlar tədricən daha dayanıqlı və uzunömürlü materiallarla əvəz olunur. Bu tendensiya həm iqtisadi səmərəliliyi, həm də texniki keyfiyyəti artırır. Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır. Artıq 20 ildir ki, avtomobil yollarında nişanlama, xətlənmə və təhlükəsizlik sədlərinin montajı üzrə fəaliyyət göstərən “STP-BTech” şirkəti bu sahədə bir sıra yeniliklərə imza atıb. Müəssisə beynəlxalq təcrübədə özünü doğrultmuş alüminium yol nişanlarını yerli zavod şəraitində istehsal edir və ölkə ərazisində tətbiqini günü-gündən genişləndirir.

Bununla yanaşı, yolların xətlənməsi müasir avadanlıqların köməyi ilə daha sürətli və dəqiq şəkildə həyata keçirilir. Şirkət, həmçinin, müvəqqəti xətlərin silinməsi üçün Azərbaycanda yeganə olan xüsusi texnikanı da istismara verib. Beləliklə, yerli istehsal və texnoloji yeniliklərin tətbiqi yol təhlükəsizliyinin artırılmasına, eləcə də bu sahədə idxaldan asılılığın azalmasına xidmət edir.

Alüminium yol nişanlarına keçid

Əvvəllər yol nişanları 2 millimetr qalınlığında dəmirdən hazırlanırdı ki, bu da ağır çəkisi və formasına görə müəyyən təhlükələrə səbəb olurdu. Bundan başqa, dəmir material hava şəraiti və rütubətin təsiri altında tez korlanır, istifadəyə yararlılıq müddəti qısalırdı. Bu səbəbdən, daha dayanıqlı və uzunömürlü alternativlərə - alüminium nişanlara keçid qaçılmaz olur. Belə nişanlar yüngül çəkisi, korroziyaya qarşı dözümlülüyü və uzun istismar müddəti ilə fərqlənir. “STP-BTech” şirkəti artıq bir müddətdir ki, alüminium ikibükümlü yol nişanlarının istehsalına və ölkə üzrə tətbiqinə başlayıb.

Şirkətin inzibati işlər üzrə meneceri Zaur Nadirov bildirir ki, zavod istehsal üçün tələb olunan materialları yerli şirkətlərdən alır. Onun sözlərinə görə, yerli istehsal nişanlar bir sıra üstün xüsusiyyətlərinə görə əvvəlki nəsil nişanlardan fərqlənir və daha effektiv nəticə verir. Yüksək keyfiyyətli vinil örtük sayəsində nişanların səthində güclü parlaqlıq əldə olunur, bu isə sürücülərin onları daha aydın görməsinə şərait yaradır. Bundan başqa, əvvəllər nişanların üzərindəki simvollar və işarələr müxtəlif komponentlərin ağ fon üzərinə yapışdırılması ilə hazırlanırdısa, indi Böyük Britaniyadan alınmış xüsusi çap texnologiyası sayəsində bu proses birbaşa və daha dəqiq şəkildə həyata keçirilir. Qarabağdan başlayaraq ölkənin bütün şəhər və rayonlarında quraşdırılan nişanlar təsdiqlənmiş milli standartlara tam uyğun gəlir və bütün lazımi sertifikatlarla təmin olunub. Şirkət rəsmisi əlavə edir ki, zavod İtaliyadan gətirilmiş yüksək keyfiyyətli bükmə dəzgahı ilə təchiz edilib ki, bu da müxtəlif ölçü və formalarda nişanların hazırlanmasını əlçatan edir. Zəmanət məsələsinə toxunan Z.Nadirov deyir ki, alüminium dəmirlə müqayisədə daha davamlı olduğu üçün hava şəraiti və rütubət kimi amillərin təsirinə baxmayaraq, bu nişanların istifadə müddəti əvvəlkilərə nisbətən 3–4 dəfə artıqdır. Bununla yanaşı, alüminium səthə çəkilən vinilin keyfiyyəti nişanların uzunömürlülüyündə mühüm rol oynayır. Yollar üzərindəki istiqamət, məsafə və yer adlarını göstərən lövhələr də yerli istehsaldır. Bu göstəricilər, digər bütün nişanlar kimi, yerli zavodda hazırlanır və ölkə üzrə quraşdırılır.

Bir günə 100 kilometr yolu xətləmək mümkündür

Yolgöstərici nişanlar kimi, xətlənmə işləri də fasiləsiz və təhlükəsiz hərəkətin təmin olunmasında mühüm rol oynayır. Aydın və dəqiq çəkilmiş xətlər sürücülərin hərəkət istiqamətini daha rahat izləməsinə, ümumilikdə isə nəqliyyat axınının nizamlı şəkildə təşkilinə şərait yaradır. “STP-BTech” şirkətinin bu istiqamətdə də bir sıra yenilikləri var. Şirkətin balansında olan “Borum” markalı boyavurma texnikası bir püskürtmə tapançası ilə təchiz edilib və gün ərzində 30–40 kilometr məsafədə xətlənmə işləri apara bilir. Mövcud texnikalarla yanaşı, şirkət bu yaxınlarda “Mercedes” markalı yeni yolboyama maşınlarını da istifadəyə verib. Bu maşınların əsas üstünlüyü iki püskürtmə aparatı ilə eyni anda paralel şəkildə iki xətti rəngləmək imkanına malik olmasıdır. Əsasən magistral yolların xətlənməsi üçün nəzərdə tutulan bu avadanlıqlar gün ərzində 80–100 kilometr məsafədə fasiləsiz xətləmə aparmaq gücünə malikdirlər. Təbii ki, yeni nəsil texnikalar səmərəliliyi əhəmiyyətli dərəcədə artırır. Köhnələrlə müqayisədə bu avadanlıqlar eyni vaxtda iki xətt çəkərək həm vaxta qənaət etməyə, həm də işçi qüvvənin daha səmərəli fəaliyyətinə təsir edir.

Azərbaycanda ilk “water jet” texnikası

Ölkədə mühüm beynəlxalq tədbirlər keçirilərkən iştirakçıların rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə yollarda xüsusi zolaqların ayrılması qaçılmazdır. Tədbirlər yekunlaşdıqdan sonra isə bu xətlərin silinməsi zərurəti yaranır. İndiyədək belə hallarda istifadə olunan texnikalar xaricidən icarəyə götürülürdü. Lakin artıq bu asılılığa da son qoyulub. Bu məqsədlə “STP-BTech” şirkəti yeni “water jet” (su ilə təmizləmə) aparatı alıb ki, artıq belə zərurət yarandığı halda, ondan istifadə olunacaq. Üstəlik, bu xüsusi təyinatlı maşın təkcə Azərbaycanda deyil, bütün Qafqaz regionunda yeganə xəttsilmə avadanlığı hesab olunur. Bununla yanaşı, “STP-BTech”in balansında yolların süpürülməsi, hava təzyiqi ilə tozun təmizlənməsi və səthlərin yuyulması üçün müasir texnikalar da mövcuddur ki, bu da yol infrastrukturunun texniki xidmətini daha çevik və effektiv şəkildə həyata keçirməyə imkan verir.

Beynəlxalq əməkdaşlıq

Bütün dünyada olduğu kimi, ölkəmizdə də yolların xətlənməsi və yol nişanlarının quraşdırılması sahəsində innovativ metodlar sınaqdan keçirilir ki, bu da ümumilikdə sürücülərin rahatlığı və hərəkətin təhlükəsizliyinə hesablanmış addımdır. Şübhəsiz ki, xarici təcrübənin öyrənilməsi əsas prioritetlərdən biri olaraq qalır. “STP-BTech” bu istiqamətdə, xüsusilə, Çin təcrübəsini izləyir. Şirkət bu ölkədə yol nişanlarının istehsalı üçün ixtisaslaşmış material istehsalçıları ilə əməkdaşlıq qurub, həmçinin yol baryerləri istehsal edən müəssisələrlə əlaqələrin yaradılması üzərində iş aparılır.

Faiq KƏRİMOĞLU