Ehtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?

2025.10.20 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna balans üzrə qalıq dəyərinə müvafiq olaraq, maşın avadanlıq üzrə ilin sonuna qalıq dəyərinin 5 faizi həddi ilə məhdudlaşdırılır.

Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır. Müəyyən edilmiş məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir.

Sorğuya cavab olaraq bildirilib ki, qeyd olunan hal üzrə çəkilən xərc təmir xərci hesab edilir. Çəkilən xərc norma daxilində gəlirdən cıxılmalı və normadan artıq olan hissəsi əsas vəsaitin qalıq dəyərinə əlavə edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 115-ci maddəsi