Avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 50 faizi ötüb

2025.10.16 17:12 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkəyə 868,6 milyon ABŞ dolları dəyərində 44,4 mindən çox hibrid avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 1,9 dəfə, say baxımından isə 2,8 dəfə üstələyir.

Hesabat dövründə idxal edilən hibrid avtomobillərin strukturunda HEV (Hybrid Electric Vehicle) tipli avtomobillərin payı 28,3 faiz, PHEV (Plug-in Hybrid Electric Vehicle) tipli avtomobillərin payı isə 71,7 faiz təşkil edib.

Cari ilin ilk 9 ayında ölkəyə təqribən 264 milyon dollar dəyərində 12,5 mindən çox HEV avtomobilləri idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,8 faiz az, say baxımından isə 17,2 faiz çoxdur. Bununla yanaşı 604,6 milyon dollarlıq 31,8 min ədəd Plug-in tipli hibrid elektrik avtomobilləri idxal edilib. Bu, bir il öncəki göstəriciləri müvafiq olaraq 3,5 və 6,4 dəfə üstələyir.

Ümumilikdə cari ilin ilk 9 ayında ölkəyə 1,6 milyard dollar (+26,5 faiz) dəyərində 85,2 mindən (+28,6 faiz) çox nəqliyyat vasitəsi idxal edilib. Hesabat dövründə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 52,1 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 28,4 faiz bəndi çoxdur.