Dövlət Vergi Xidmətində rəhbər heyət üçün keçirilən ”Liderlik Proqramı“ yekunlaşıb

2025.10.16 11:42 (UTC+04:00)

Vergi əməkdaşlarının peşəkar inkişafının təmin olunması, gender amilləri nəzərə alınmaqla inklüziv və sağlam iş mühitinin yaradılması Dövlət Vergi Xidmətinin strateji hədəflərindən biridir. Bu hədəflərə nail olmaq məqsədilə 2025-ci il ərzində rəhbər vəzifəli şəxslər üçün “Liderlik Proqramı” təşkil edilib.

Proqramın əsas məqsədi rəhbər heyətin yumşaq bacarıqlarının və idarəçilik səriştələrinin inkişaf etdirilməsi, 360 dərəcə qiymətləndirmənin nəticələrinə əsaslanaraq liderlik potensialının daha da gücləndirilməsi olub. “Liderlik Proqramı” çərçivəsində iştirakçılar “Emosional zəka”, “İnklüzivlik və gender bərabərliyi”, “Konstruktiv rəy bildirilməsi və alınması” və “Dəyişikliklərə açıqlıq” mövzularında təlimlərdə iştirak ediblər.

Proqramda liderlik bacarıqlarının inkişafı, effektiv liderlik xüsusiyyətləri və keyfiyyətləri, şəxsi dəyərlərin liderlik tərzinə təsiri, motivasiya amilləri, emosional zəka və ünsiyyət üslublarının müəyyənləşdirilməsi kimi istiqamətlər diqqət mərkəzində olub.

Bununla yanaşı, iştirakçılar ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi, liderliyin imkanları və çətinlikləri, münasibətlərin idarə olunması, özünüidarəetmə, komandaya effektiv rəhbərlik və ruhlandırma strategiyaları, gender bərabərliyi və liderlik, strateji planlaşdırma bacarıqları, təşkilati dəyişiklik təşəbbüsləri və dəyişikliklərin idarə olunması mövzuları üzrə müasir yanaşmalarla tanış olublar.