2018-2025-ci illərdə 5 sosial islahat paketi icra olunub

2025.10.15 11:20 (UTC+04:00)

2018-2025-ci illərdə Prezident İlham Əliyevin tapşırıqları əsasında 5 sosial islahat paketi icra olunub. Ümumilikdə 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatların hər biri üzrə illik əsasda ayrılan əlavə vəsaitlərin ümumi məbləği 7,6 milyard manat təşkil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2018-ci ildən ötən dövrdə minimum əməkhaqqında 3,1 dəfə, orta aylıq əməkhaqqında 2 dəfə, əməkhaqqı fondunda 3,2 dəfə, minimum pensiyada 3 dəfəyə yaxın, orta aylıq pensiyada 2,6 dəfə, müavinət və təqaüd ödənişlərinə ayrılan illik vəsaitdə 5 dəfə, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,5 dəfə artım baş verib.

Pensiya ödənişlərinə ayrılan illik vəsait son 7 ildə 2 dəfə artaraq 7,2 milyard manatı ötüb. Həmçinin, 10 yeni sosial ödəniş növü təsis olunub.

Son illər Azərbaycanın pensiya təminatında bir sıra humanist yanaşmalar da tətbiq edilərək, pensiya təminatına əlçatanlığın artırılması və hər kəsə yaxın sistem kimi quruıması üçün mühüm addımlar atılıb. Məsələn, 2019-cu ildən pensiya təyinatı proaktiv mexanizm üzərində qurulmaqla, 2006-2018-ci illərdə fərdi hesabında hətta ən kiçik məbləğdə vəsait qeydə alınmış şəxsə 25 illik sığorta stajı hədiyyə edilir və müraciət etməsinə ehtiyac qalmadan, elektron sistem üzərindən avtomatik olaraq yaşa görə pensiya təyin olunur. Eyni zamanda, erkən dövrdə yaşa görə pensiya hüququ yaranan kateqoriyaların sırasının son illər əhəmiyyətli dərəcədə genişləndirilməsi təmin olunub.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə uğurla davam etdirilib və möhtəşəm Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonra 5 dəfə genişlənib. Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 6900, ümumilikdə ötən dövrdə 16 min mənzil verilib. Həmçinin postmüharibə dövründə 567, ümumən ötən dövrdə 7800 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.