Azərbaycan 2016-cı ildən, yəni BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulandan bu günə kimi qurumun İqtisadi və Sosial Şurasına ölkəmizin üzərinə götürdüyü öhdəliklərlə bağlı 4 könüllü milli hesabat təqdim edib. Bunu iqtisadiyyat nazirinin müşaviri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Bakıda keçirilən "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda forumdan sonra jurnalistlərə deyib.
O bildirib ki, sözügedən hesabatlarda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində aparılan siyasət, qarşıya çıxan çətinliklər və bunların həlli yolları ilə bağlı məsələlər öz əksini tapıb.
H.Hüseynov Dayanıqlı İnkişaf Dialoqlarından da danışıb. O vurğulayıb ki, bu dialoqlar 2022-ci ildən etibarən BMT-nin Azərbaycandakı nümayəndəliyi və İqtisadiyyat Nazirliyinin birgə təşəbbüsü nəticəsində ərsəyə gəlib. H.Hüseynov əmək bazarının iqtisadi inkişafın təmin olunmasında xüsusi önəmə malik olmasına da diqqət çəkib. İqtisadi diversifikasiyanın, yeni artım mənbələrinin formalaşdırılması üçün keyfiyyətli insan kapitalının tətbiqinin zəruri olduğunu deyib. O bildirib ki, məhz buna görə də keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməli və təhsilə investisiyaların artırılması istiqamətində səylər səfərbər edilməlidir.