Azərbaycanda Aqrar Sığorta Fondu yaradılıb

2019.08.20 12:14 (UTC+04:00)

Prezident İlham Əliyevin avqustun 19-da imzaladığı "Aqrar sığorta haqqında" Qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə" fərmana əsasən, Azərbaycanda aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən Aqrar Sığorta Fondu qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.

Nazirlər Kabinetinə yerli qanunların və Prezidentin fərman və sərəncamlarının, digər normativ hüquqi aktların "Aqrar sığorta haqqında" Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 2 ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb. Eyni zamanda, bu müddətdə aqrar sığorta predmetinin tərkibi, müstəqil ekspertlərin imtahanının keçirilməsi qaydası, sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə olunacaq sənədlərin siyahısı müəyyən edilərək bu barədə Prezidentə məlumat verilməlidir.

Fərmana əsasən, Aqrar Sığorta Fondunun nizamnamə kapitalının formalaşdırılması da Nazirlər Kabinetinə tapşırılıb. Fondun ilkin nizamnamə kapitalı 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Nizamnamə kapitalının artırılması məqsədilə 2020-ci ildə büdcə layihəsində 5 milyon manat, 2021-ci ildə isə 3 milyon manat vəsait nəzərdə tutulmalıdır.

Aqrar Sığorta Fondunda ictimai əsaslarla fəaliyyət göstərən və 5 üzvdən – Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər) və fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət Himayəçilik Şurası yaradılıb. Fondun Himayəçilik Şurasının sədri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi olacaq.

"Aqrar sığorta haqqında" Qanun isə 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.