BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən Üçüncü Komitənin (“Sosial inkişaf”) iclasında Azərbaycanın sosial-iqtisadi sahədə həyata keçirdiyi islahatlar və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) doğru əldə etdiyi irəliləyişlər barədə məlumat təqdim edilib.
Bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda mütəmadi olaraq vətəndaşların rifahının yaxşılaşdırılması, sosial müdafiəsi, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, kompleks tədbirlər nəzərdə tutulub. 2024-cü ildə dördüncü Könüllü Milli İcmalını təqdim etməklə Azərbaycan 2021-ci ildən 2024-cü ilə qədər üzərinə götürdüyü milli öhdəliklər haqqında hərtərəfli məlumat təqdim edərək, 2030-cu il Gündəliyində qeyd olunan DİM-lərə nail olmaq istiqamətində irəliləyiş nümayiş etdirib.
O qeyd edib ki, həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində son on ildə Azərbaycanda aylıq minimum əməkhaqqı 3,3 dəfə, minimum pensiya isə 2,4 dəfə artıb.