Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Azərbaycanın iki bölgəsini xəstəlikdən azad zona elan edib. Bunlar işğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikasıdır. Həmin ərazilər xüsusilə təhlükəli heyvan xəstəliklərindən azad olmaq statusu əldə etdikdən sonra orada halal sənayenin inkişafı üçün əlverişli şərait yaranacaq. Bəs halal sənaye, ümumiyyətlə, halal biznes nədir? Onun hansı şərtləri və sahələri mövcuddur? Azərbaycanda bu sahənin perspektivləri necə görünür?
Halal biznes nədir?
Halal biznes - İslam dininin qayda və prinsiplərinə uyğun fəaliyyət göstərən iqtisadi və ya ticarət fəaliyyətidir. “Halal” sözü icazəli, dini baxımdan təmiz və düzgün deməkdir. Bu anlayış təkcə məhsullara (məsələn, halal qidaya) deyil, bütün iş üsullarına, qazanc yollarına və niyyətə də aiddir. Burada yalnız məhsul istehsalı və satışı deyil, eyni zamanda halal xidmətlər də yer alır. Halal biznes sahələrinə aşağıdakılar aiddir:
- Halal qida istehsalı və satışı;
- Halal kosmetika və dərmanlar;
- İslam maliyyə sistemi və faizsiz bankçılıq;
- Halal turizm;
- İslam geyim ticarəti;
- Halal texnologiya və xidmətlər (məsələn, halal e-ticarət platformaları).
Halal biznesin əsas prinsipləri halal məhsul və xidmət, dürüstlük, təmiz niyyət, faizin (riba) olmaması, ətraf mühit və sosial məsuliyyətdir. Yəni bu sektorda satılan və ya istehsal edilən məhsullar haram olmamalıdır. Məsələn, spirt, donuz məhsulu, qumar, faiz və s. burada qadağandır. Ticarətdə, eləcə də əmək münasibətlərində və qiymətdə ədalətli olmaq əsas şərtdir. Aldatma, yalan reklam və haqsız qazanc haram sayılır. Halal biznesdə faiz əməliyyatları da (məsələn, bank kreditlərindəki riba) qadağandır. Bunun əvəzinə ortaqlıq prinsipləri (mudaraba, muşaraka) kimi üsullardan istifadə olunur. Qazanc isə yalnız şəxsi mənfəət üçün deyil, həm də cəmiyyətə fayda vermək, xeyirxahlıq və ədalət məqsədi daşımalıdır. Halal bizneslə məşğul olan şəsxlər və ya müəssisələr insanlara və təbiətə zərər verməməlidir.
Elə bu günlərdə Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda da əsas müzakirə mövzusu halal biznes subyektlərinin inkişafı, bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsi, eləcə də faizsiz maliyyə alətlərinə əlçatanlığın təmin olunması və təcrübə mübadiləsi olub. Forumun əsas məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulması, Azərbaycana və bütövlükdə regiona xarici sərmayələrin cəlb olunmasını təşviq etməkdir. Forum çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) KOB-lar Şəbəkəsi yaradılıb. Təsis toplantısında şəbəkəyə üzv təşkilatların yekdil qərarı ilə KOB-lar Şəbəkəsinə sədrlik 3 il müddətinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə keçib. Şəbəkənin katibliyi funksiyasını İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC) icra edəcək.
Rəqəmlərin dili ilə…
Forumda açıqlanan statistikaya əsasən, İƏT ölkələrində şirkətlərin 99,9%-ni KOB-lar təşkil edir. Onların məşğulluqda payı 93%-dən çox, əlavə dəyərdə isə 85%-ə yaxındır. Pakistanın Kiçik və Orta Müəssisələrin İnkişafı Agentliyinin (SMEDA) baş direktoru Sokrat Aman Rananın verdiyi məlumata görə, bu ölkədə təxminən 7 milyon KOB ÜDM-in 40%-dən çoxunu təşkil edir. Eyni zamanda, KOB-lar qeyri-kənd təsərrüfatı məşğulluğunun 80%-ni təmin edir və ixracda 30%-lik paya malikdir. İƏT-in KOB-lar Şəbəkəsinin impulsundan istifadə etmək KOB-lara beynəlxalq standartlara cavab vermək, regional və qlobal bazarlara çıxış imkanına malik olmaq və innovasiyaları stimullaşdırmağa kömək edəcək.
Xatırladaq ki, Azərbaycanda İƏT ölkələrinin 11 minə yaxın şirkəti fəaliyyət göstərir ki, bu da iqtisadi əlaqələrin dərinliyini göstərir. Bu ilin yanvar-avqust aylarında Azərbaycanla İƏT arasında ticarət dövriyyəsinin dəyəri 6 milyard ABŞ dollarına yaxın olub. Ümumilikdə isə qlobal bazarda İslam maliyyəsinin həcmi 3 trilyon dollara çatır.
Faizsiz maliyyələşmə
Yuxarıda da qeyd etdiyimiz kimi, halal biznesin əsasını faizsiz maliyyələşmə alətləri təşkil edir. Başqa sözlə, bu sektor üçün halal maliyyə mənbələrini yalnız faizsiz yollarla tapmaq vacibdir. Bu, ortaqlıq (müştərək sərmayə), ailə, dost və ya halal investisiya qrupları, İslam maliyyə fondları ola bilər. Artıq Azərbaycanda da İslam maliyyə fondlarının yaradılmasına təşəbbüslər var. Gələn ildən isə ölkəmizin maliyyə bazarında İslam bankçılığı məhsulları təqdim olunacaq. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov məlumat verib. Onun sözlərinə görə, AMB beynəlxalq təcrübəni nəzərə alaraq, mərhələli və praqmatik strategiya qəbul edib. Həmin strategiyaya əsasən, ilkin mərhələdə İslam bankçılığı məhsulları ənənəvi banklar daxilində "İslam pəncərəsi" modeli vasitəsilə təqdim olunacaq. Bu, bazarda tələbatın sınaqdan keçirilməsinə, iştirakçıların məhsullarla tanış olmasına və gələcəkdə daha geniş həcmli məhsul və həllərin tətbiqinə şərait yaradacaq.
Strategiyanın icrası üçün AMB konkret yol xəritəsi müəyyənləşdirib. İlkin mərhələ tətbiq olunacaq məhsulların müəyyən edilməsidir. Bunun üçün AMB banklar, sənaye assosiasiyaları və ekspertlərlə müzakirələr apararaq müştəri tələblərini və bazar ehtiyaclarını qiymətləndirib, tətbiq oluna biləcək məhsulların siyahısını müəyyən edib. R.Tahirov əlavə edib ki, indi həmin məhsulların tətbiqini təmin etmək üçün hüquqi və tənzimləyici baza hazırlanır. Bu, Mülki Məcəllə, "Banklar haqqında” Qanun və digər normativ-hüquqi aktlarda dəyişiklikləri əhatə edir. Hüquqi və tənzimləyici baza üzrə minimal tələblər formalaşdıqdan sonra banklar bir sıra İslam bankçılığı məhsullarını "İslam pəncərəsi" vasitəsilə təqdim etməyə başlaya biləcəklər. AMB isə ilkin mərhələnin gedişatını izləyəcək, nəticələri qiymətləndirəcək, əldə olunan təcrübəyə əsasən növbəti mərhələlər, əlavə məhsullar və tənzimləyici çərçivənin təkmilləşdirilməsi istiqamətində qərarlar qəbul edəcək.
Maliyyə potensialı
Qeyd edək ki, "İslam pəncərəsi"nin yaradılması üçün artıq bir bank AMB-yə müraciət edib. Daha bir investisiya şirkəti isə sukukun (İslam maliyyə sistemində istifadə olunan, faizsiz mənfəət əldə etməyi hədəfləyən maliyyə sənədi) dövriyyəyə buraxılmasına razılıq verilməsi üçün müraciət edib. AMB sədri Taleh Kazımov son mətbuat konfransında Azərbaycanda təqribi hesablamalarla 300 milyon manata yaxın İslam maliyyəsinin mövcud olduğunu açıqlayıb. Ekspertlər isə məbləğin daha böyük olduğu qənaətindədirlər. İlkin mərhələdə İslam maliyyəsi alətləri xüsusi tənzimləmə rejimi ilə reallaşacaq.
Sukuk isə Azərbaycan şirkətlərinə genişlənmə və eyni zamanda yeni vəsait cəlb etmək imkanı verəcək. Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) Bank departamentinin birbaşa maliyyələşdirmə şöbəsinin eksperti Samir Nadir Tağıyevin fikrincə, alternativ maliyyələşdirmə kimi sukukun olması dövlət və özəl şirkətlərə, banklara kömək edəcək. Məsələn, onlar sukuklarını ala biləcək digər qlobal investorları da cəlb edə bilərlər.
Ekspertlərin rəyinə əsasən, halal biznesin genişlənməsi yaşıl iqtisadiyyata keçidi də sürətləndirəcək. Bu isə yeni maliyyə alətlərinin ortaya çıxmasını şərtləndirir.
Fərqanə ALLAHVERDİQIZI