Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi və Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları Gəncə şəhərində qanunsuz şəraitdə fəaliyyət göstərən alkoqollu içki istehsalı sexində birgə monitorinq həyata keçiriblər. Monitorinq nəticəsində fiziki şəxs Emin Zahid oğlu Hüseynova məxsus müəssisədə kustar üsullarla, ev şəraitində, yerli və xarici ölkələrə məxsus əmtəə nişanları adı altında saxta alkoqollu içkilər istehsal olunduğu müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən sexdə, ümumilikdə, 189 ədəd satış məqsədilə qablaşdırılmış saxta içki aşkarlanıb. Bundan başqa, spirtli içki doldurulmasına hazır vəziyyətə gətirilən 1000-ə yaxın şüşə butulka və 400 litr həcmdə etil spirti müəyyən edilib. Baxış zamanı hazır məhsullardan nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Müəssisənin fəaliyyətinə məhdudiyyət qoyulub. Faktla bağlı araşdırmalar davam etdirilir.