- Hazırda Azərbaycanda nağdsız ödənişlər seqmentinin inkişafında hansı əsas meyilləri müşahidə edirsiniz? Bu prosesdə dövlət qurumları və özəl bankların rolu nədir?
- Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda nağdsız ödənişlərin həcmi artır, bir əməliyyatın orta məbləği isə azalır. Bu isə o deməkdir ki, ödəniş kartları cəmiyyətin gündəlik həyatına daxil olur, bu isə nağdsız dövriyyədə artımın əyani göstəricisidir.
Xüsusilə, böyük və orta ticarət məntəqələrində plastik kart vasitəsilə dövriyyə həcmi son bir neçə ildə əhəmiyyətli dərəcədə artıb. Bu meyllər şəffaflığın artması və iqtisadiyyatda "ağarma" proseslərini də əks etdirir. Ölkədə nağdsız ödənişlərin inkişafı üçün əsas şərt iqtisadi islahatların uğurla həyata keçirilməsi və iqtisadiyyatın bir çox sahələrində maksimal şəffaflığın təmin olunmasıdır. Belə ki, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin son təşəbbüsləri iqtisadiyyatın özəl sektorunda çalışan şirkət və müəssisələrin fəaliyyətinin şəffaf, nağdsız hesablaşmaya keçməsinə təkan verdi, bunu həmin qurumların 2018-ci il üçün hesabatlarında əyani olaraq görmək olar. Bazar tənzimləyiciləri olan Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyəti də ölkədə nağdsız dövriyyənin artmasına güclü təsir edib. Ölkənin aparıcı maliyyə qurumlarından biri olaraq, biz iqtisadiyyatın real sektoru ilə sıx əlaqədəyik, Azərbaycanda bu gün nağdsız dövriyyənin gələcəkdə dəfələrlə artırılması üçün olduqca əlverişli şəraitin yarandığını görürük.
Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin son təşəbbüsləri
iqtisadiyyatın özəl sektorunda çalışan şirkət və müəssisələrin
fəaliyyətinin şəffaf, nağdsız hesablaşmaya keçməsinə təkan verdi
Ölkədə fəaliyyət göstərən özəl banklar da, öz növbəsində, müştərilərinin nağdsız ödəniş vasitələrindən daha çox istifadə etməyə təşviq edilməsində fəal iştirak edir. Qabaqcıl texnologiyalardan istifadə edərək və ödəniş sistemlərinin funksionallığını təkmilləşdirərək bazar oyunçuları mobil tətbiqləri hazırlayır və onları müasirləşdirir, təşviqedici tədbirlər görür, POS-terminal şəbəkələrini genişləndirir və s. Sözsüz ki, bu prosesin bütün iştirakçılarının diqqətini tələb edən hələ çox hüquqi məsələlər var. Bu məsələlər bazar tənzimləyiciləri ilə birlikdə öz həllini tapmaqdadır.
- Vergilər Nazirliyinin yeni nəsil kassa aparatlarının tətbiqi üzrə təşəbbüsünün həyata keçirilməsi ilə bazarda nə kimi dəyişikliklər gözləyirsiniz? PAŞA Bank öz müştəriləri üçün hansı həlləri təklif edəcək?
- Nağdsız ödənişlərin inkişaf etdirilməsi yeni nəsil kassa aparatlarının quraşdırılmasını nəzərdə tutan vergi islahatları və tənzimləyicinin tələbləri ilə əlaqəlidir. Yeni kassalar vasitəsilə ticarət nöqtəsində həyata keçirilən istənilən əməliyyat haqqında məlumatın tənzimləyicinin bazalarında dərhal əks etdirilməsi nəzərdə tutulur. Bu, quruma ticarət obyektinin dövriyyəsini təhlil etməyə və bununla vergilərdən yayınma hallarını azaltmağa imkan verəcək. Bazarda yeni nəsil kassa aparatlarının tətbiqi ilə əməliyyatların şəffaflığı artacaq, bu isə sahibkarlar üçün vergi yoxlamalarının sayının azalmasına yol aça bilər.
Qanunvericilik səviyyəsində yeni tələbləri nəzərə alaraq, PAŞA Bank tərəfdaşı ilə birlikdə bazarda SMART KASSA yeni nəsil kassa aparatını təqdim edir. Aparat özündə onlayn-kassa, POS-terminal, qəbzin çap edilməsi funksiyasını birləşdirir və Vergilər Nazirliyinin gələcəkdə qüvvəyə minəcək bütün tələblərinə cavab verir. Planlaşdırılan əməliyyatların həcmini nəzərə alaraq, PAŞA Bank avadanlığın ödənişsiz əsaslarla təqdim olunması imkanınadək hədəf müştərilər üçün güzəştli şərtlərlə nəzarət-kassa aparatları təklif edir.
Bazarda yeni nəsil kassa aparatlarının tətbiqi ilə əməliyyatların şəffaflığı artacaq,
bu isə sahibkarlar üçün vergi yoxlamalarının sayının azalmasına yol aça bilər
- Tətbiq etməyi planlaşdırdığınız yeni nəsil kassa aparatlarının nə kimi üstünlükləri və xüsusiyyətləri var?
- PAŞA Bankın SMART KASSA yeni nəsil kassa aparatının əsas üstünlüyü eyni zamanda mərkəzləşdirilmiş məlumat bazasına qoşulan fiskal qeydçi olmasıdır. Bu qurğu həm nağd ödənişlər üçün kassa aparatı kimi, həm də istənilən bankların kartlarını ödəniş üçün qəbul edəcək POS-terminal kimi istifadə oluna bilər. Yəni, iki və ya üç aparat yerinə bir kompakt həll kifayətdir. Plastik kartlardan komissiyalar adi POS-terminaldakı kimi tutulacaq. Qurğunun digər bir üstünlüyü sahibkarların bizneslərini vergi yoxlamaları barədə narahat olmadan aparması imkanıdır. Sistemə daxil olan pul dövriyyələri barədə məlumatlar informasiyanı məsafədən təhlil etməyə imkan verəcək.
SMART KASSA hazırlayan zaman Türkiyə və Rusiya kimi ölkələrin təcrübəsindən yararlanmışıq. Bu qurğu kiçik və orta biznes üçün əvəzsiz vasitəyə çevriləcək. PAŞA Bankın təklif etdiyi yeni nəsil nəzarət-kassa aparatları məhsul və xidmət obyektləri üçün (kiçik mağazalar, ictimai iaşə məntəqələri və s.) tam uyğundur, həmçinin SİM kart və ya Wi-Fi rabitəsi vasitəsilə fəaliyyət göstərdiyi üçün kuryer xidmətləri və səyyar ticarət müəssisələri üçün sərfəli həldir. Bundan əlavə, aparat adi POS-terminal kimi də işlədiyi üçün yeni nəsil qurğularını əldə etmək üçün elə indi müraciət etmək olar. Vergi qanunvericiliyində dəyişikliklər qüvvəyə mindiyi andan bütün SMART KASSA modulları avtomatik şəkildə işə salınacaq.
İlin sonuna doğru bu qurğularda xüsusi sistemləri işə salmağı planlaşdırırıq. Bu sistemlərdə sahibkarlar anbar və mühasibat uçotunu apara biləcək, bu isə aylıq və rüblük hesabatların tərtib olunmasına ayrılan vaxta qənaət etməyə imkan verəcək. Bir sözlə, SMART KASSA yeni nəsil kassa aparatları vasitəsilə sahibkarlar aparılan əməliyyatların uçotu sisteminə nəzarəti əhəmiyyətli dərəcədə təkmilləşdirə və xərcləri optimallaşdıra biləcəklər.