İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti “Gedik Kaynak” MMC tərəfindən Türkmənistana növbəti dəfə 100 ton həcmində elektrod məhsulunun ixracı baş tutub. Agentliyin məlumatına əsasən, ümumilikdə şirkət tərəfindən Türkmənistana mərhələli şəkildə 600 ton həcmində məhsul göndəriləcək.
“Gedik Kaynak” MMC 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb və müəssisədə hazırda 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsalı həyata keçirilir. Növbəti mərhələdə müəssisədə paslanmaz və alüminium elektrodların istehsalına başlanılması nəzərdə tutulur.
Azərbaycanın yeganə elektrod istehsalçısı olan müəssisənin aylıq istehsal gücü 330 tondur. İnvestisiya dəyəri 7,5 milyon manat olan müəssisədə 20 nəfərdən artıq daimi iş yeri yaradılıb.
Müəssisədə istehsal edilən məhsullar “Geka” brendi adı altında daxili bazara satılmaqla yanaşı, İraq, Özbəkistan, Türkmənistana da ixrac edilir. Rusiya və Qazaxıstana da satış istiqamətində danışıqlar aparılır.