Qeyri-neft-qaz sektorunun ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlib

2025.10.03 11:39 (UTC+04:00)

İqtisadi siyasətin əsas istiqamətlərindən olan qeyri-neft-qaz sektoru 2021-2024-cü illərdə hər il orta hesabla 6,7 faiz artıb və onun ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlib. Bu göstəricinin bu ilin sonuna 70 faizə çatacağını proqnozlaşdırırıq. Qeyri-neft ixracı son altı ildə, demək olar ki, iki dəfə artıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.

Nazir əlavə edib ki, 2025-ci ilin 8 ayı ərzində özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna investisiyalar 15 faiz artıb. Bu sektorda əsas kapitala yönəldilən investisiyalar artaraq 8,2 milyard manat təşkil edib. Bu ilin yanvar-avqust aylarında əsas kapitala xarici mənbələrdən investisiyalar ötən ilin eyni dövrünə nisbətən 36 faiz artıb.