Azərbaycanda ÜDM yeddi ayda 2,5 faiz artıb

2019.08.17 15:50 (UTC+04:00)

2019-cu ilin yanvar-iyul aylarında ölkədə 44 milyard 473,1 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. Əhalinin hər nəfərinə düşən ÜDM 4.499,5 manat təşkil edib. Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 16,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,3 faiz, sənayedə 3,3 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,6 faiz, digər xidmət sahələrində 1,7 faiz artıb, tikintidə isə 9,1 faiz azalıb.

İqtisadiyyatın qeyri -neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 3 faiz, neft-qaz sektorunda isə 1,9 faiz artıb.