Bir neçə il bundan əvvəl kriptovalyutalarla bağlı yaranan əhval-ruhiyyə, tez varlanmaq həvəsi getdikcə azalmaqdadır. Avropanın bir sıra ölkələrində əhali rəqəmsal valyutadansa ənənəvi maliyyə vasitələrinə daha çox üstünlük verirlər. Avropa ölkələri içərisində kriptovalyutaya qarşı ən yüksək etimadsızlıq Avstriyada mövcuddur. "ING DiBa" bankının apardığı araşdırma nəticəsində sorğuda iştirak edən ölkə əhalisinin 13 faizi kriptovalyutalara müsbət yanaşdığını bildirib. Bununla da Avstriya Avropa ölkələri arasında sonuncu yerdə qərarlaşıb. Qeyd edək ki, ötən il Avstriyada respondentlərin 20 faizi rəqəmsal valyutaya müsbət yanaşdığını bildirmişdi. Hazırkı göstərici isə bu ölkədə marağın ilbəil aşağı düşdüyünü göstərir. Rəqəmsal pula skeptik yanaşanlar sırasında sonrakı yerlərdə Lüksemburq və Niderland Krallığı (hər birində 15 faiz), Almaniya (20 faiz) və Böyük Britaniya (24 faiz) dayanır. Bu ölkələrdə rəyi soruşulanlar qeyri-sabit kursa malik bitkoin və digər rəqəmsal pullardansa, mühafizəkar maliyyə imkanlarına üstünlük veriblər.
Bununla belə, siyahıda kriptovalyutaya müsbət münasibət olan ölkələr də var. Polşa (43 faiz), Rumıniya (44 faiz) və Türkiyədə (62 faiz) rəyi soruşulanların təxminən yarısı virtual valyutaya müsbət yanaşdığını və maaşını bu valyuta ilə almağa hazır olduğunu ifadə edib.