Vergilər Nazirliyindən suallara aydınlıq gətirilərək bildirilib ki, elektron ticarət fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və vətəndaş fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlayacağı günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək, vergi uçotuna alınmalıdır.
Vergi uçotuna alınma kağız daşıyıcısında "Fiziki şəxsin vergi uçotu haqqında ərizə" və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndənin (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vergi orqanına gəlməsi və ya poçt vasitəsilə edilir.
Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən "Asan imza") əsasında İnternet Vergi İdarəsi Portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.
İnternet vasitəsilə əhaliyə xidmət göstərəcəyi halda, həmin şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərə bilər. Bu zaman ödəməli olduğu vergi əldə etdiyi gəlirlərdən xərclər çıxılmadan 2 faiz məbləğində olacaq. Xidmətin alıcısı vergi ödəyicisi kimi uçotda olan şəxslər olduqda isə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur və əldə etdiyi gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi tutulur.
Nazirliyin şərhində qeyd olunub ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq, arayış təqdim edilir.