Moldova vergidən yayınmaya qarşı tədbirləri sərtləşdirir

2019.08.16 11:35 (UTC+04:00)

Moldova Respublikasında vergidən yayınma hallarının aradan qaldırılması üçün radikal addımlar atılır. Bu tədbirlərdən biri kimi, "Kişineu" beynəlxalq aeroportunda və "Avia Invest" kampaniyasının ofisində qanunsuz sərnişindaşımaya görə axtarış aparılır. Kişineu Bələdiyyə Prokurorluğunun, Antikorrupsiya və Daxili Təhlükəsizlik Xidmətinin, İnformasiya Təhlükəsizlik Xidmətinin birgə apardığı yoxlamalara əsas səbəblərdən biri də dövlət sərhədində qanunsuz daşımalar olub.

Moldova Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, yoxlamalar açılan cinayət işləri ilə bağlıdır. Vəzifəli şəxslərin ehtiyatsızlıq, vəzifə mövqeyindən sui-istifadə və dövlət sərhədini qanunsuz keçmə zəminində açılmış cinayət işləri çərçivəsində aparılan axtarışlar zamanı material, əşyalar, sənədlər və informasiyalar, habelə cinayətin digər sübutları ələ keçirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.