Azərbaycan ilin əvvəlindən 103 ölkəyə məhsul ixrac edib

2019.08.15 19:30 (UTC+04:00)

Dövlət Statistika Komitəsinin məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2019-cu ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 16 milyard 866,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 9 milyard 850,6 milyon dollar, idxalın dəyəri 7 milyard 015,6 milyon dollar təşkil edib. Nəticədə 2 milyard 835 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,2 faiz, o cümlədən idxal 50,5 faiz artıb, ixrac 1,4 faiz azalıb. Real ifadədə isə dövriyyə 6,5 faiz, o cümlədən idxal 19,6 faiz, ixrac 0,4 faiz artıb.

Komitənin məlumatında bildirilir ki, ixracın 28,1 faizini İtaliyaya, 12,4 faizini Türkiyəyə, 6,9 faizini Çinə, 6,3 faizini Hindistana, 5,7 faizini Almaniyaya, 5,5 faizini İsrailə, 4,3 faizini İspaniyaya, 3,8 faizini Rusiyaya, 3,3 faizini Çexiyaya, 3,2 faizini Gürcüstana, 2,6 faizini Fransaya, 2,3 faizini Birləşmiş Krallığa, 15,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunan məhsulların ümumi dəyərinin 14,4 faizi İsveçrə, 14,3 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,4 faizi Çin, 5,9 faizi ABŞ, 5,6 faizi Kanada, 4,7 faizi Almaniya, 4,1 faizi İran, 3,1 faizi Ukrayna, 2,9 faizi Avstraliya, 2,5 faizi İtaliya, 1,9 faizi Fransa, 1,8 faizi Qazaxıstan, 20,7 faizi isə digər ölkələr ilə aparılan idxal əməliyyatlarının payına düşüb.