"Visa" beynəlxalq kart təşkilatı Azərbaycanda ilk dəfə olaraq nağdsız ödənişlərin inkişafında, innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsində mühüm rol oynayacaq tokenizasiya xidmətini tətbiq edəcək. Bununla bağlı olaraq, "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi" və "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasında "Visa" ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, innovativ texnologiyalar sahəsində qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi məqsədilə seminar keçirilib.
Tədbir çərçivəsində iştirakçılara tokenizasiya xidməti və onun üstünlükləri, qabaqcıl ölkələrin bu istiqamətdə təcrübələri barədə məlumat verilib, təsərrüfat subyektlərində POS-terminal olmadan mobil telefonlar vasitəsilə nağdsız ödənişlərin həyata keçirilməsi imkanları müzakirə edilib. Palata tərəfindən ölkədə tətbiqi dəstəklənən bu layihə nağdsız ödənişlərdə yeniliklərin tətbiqinə səbəb olmaqla, nağdsız cəmiyyətin formalaşmasında və nağdsız ödənişlərin, ödəniş kartı ilə yanaşı, digər vasitələrlə həyata keçirilməsində mühüm rol oynayacaq.