Almaniya qatar biletlərində ƏDV-nin dərəcəsini azaltmaq niyyətindədir

2019.08.15 12:57 (UTC+04:00)

Baş nazir Angela Merkelin rəhbərliyi ilə ərtaf mühit, iqtisadiyyat, daxili işlər, maliyyə, nəqliyyat və kənd təsərrüfatı nazirlərindən ibarət "İqlim kabineti"nin son iclasında Almaniyanın Ətraf mühit naziri Svenza Şulze iqlimi qorumaq məqsədilə hazırda qatar biletindən ucuz olan təyyarə biletlərinə yeni vergi əlavə edilməsi təklifini irəli sürüb. Bu təklifdən sonra hökumətdə təmsil olunan CSU partiyasının rəhbəri Markus Söder ətraf mühitin mühafizəsi baxımından daha əlverişli olan qatar səfərlərinin təşviq edilməsi məqsədilə qatar biletlərinə tətbiq olunan əlavə dəyər (ƏDV) vergisinin azaldılmasını, hətta lazım gələrsə, ləğv edilməsini təklif edib. Təklif hökumət, eləcə də ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb və yaxın gələcəkdə qatar biletlərinə tətbiq olunan ƏDV-nin dərəcəsinin aşağı salınacağı gözlənilir.

Almaniya Dəmir Yolları İdarəsi tərəfindən də bu verginin azaldılması təklifi müsbət qarşılanaraq bildirilib ki, vergi azaldılsa, dəmir yolu nəqliyyatı ilə daşınan sərnişinlərin sayında illik beş milyon artım olacaq.

Qeyd edək ki, hazırda Almaniyada qatar biletlərinə 19 faiz ƏDV tətbiq edilir və gözlənildiyinə görə, bu göstərici 7 faizə endiriləcək.