ABŞ Prezidenti Donald Trampın Çindən idxal edilən mallar üçün əlavə vergi tətbiq etmək barədə qərarı dünya iqtisadiyyatında çətinliklər yaratmaqla yanaşı, amerikalılar tərəfindən də birmənalı qarşılanmır. ABŞ iqtisadiyyatının bəzi sahələri isə bu yanaşmanın zərərini görür. Ona görə də ABŞ dövləti ölkənin maraqlarını nəzərə almaqla bəzi düzəlişlər etmək məcburiyyətində qalır.
ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer bəyan edib ki, səhiyyə, əməyin təhlükəsizliyi, milli təhlükəsizlik və digər amillərlə bağlı olaraq bəzi məhsullar Çin üçün tərtib edilən əlavə vergi siyahısından çıxarılacaq. Yəni həmin məhsullara 10 faizlik əlavə vergi tətbiq olunmayacaq. Cib telefonu, dizüstü kompüter kimi bəzi məhsullar üçün nəzərdə tutulan əlavə verginin tətbiqi isə dekabrın 15-dək təxirə salınacaq. Bunlardan əlavə, video oyunları üçün dayaqlara, bəzi oyuncaqlara, kompüter ekranlarına, ayaqqabı və paltara aid əlavə vergilərin də tətbiqinin təxirə salınacağı istisna edilmir.