Şəffaflaşma vergi daxilolmalarının artımına şərait yaradıb

2019.08.14 16:11 (UTC+04:00)

Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib ki, dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması, vergitutma bazasının genişləndirilməsi, effektiv vergi nəzarətinin tətbiqi, vergi uçotunun düzgün qurulması istiqamətində aparılan tədbirlər nəticəsində dövriyyələr şəffaflaşdırılır: "Kölgə iqtisadiyyatı"nın miqyasının azaldılmasına yönəlmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşması mühüm yer tutur.

Artıq ilin birinci yarısında qeydiyyata alınmış vergi ödəyicilərinin sayının, o cümlədən aktiv ödəyicilərin, habelə aktiv ƏDV ödəyicilərinin, qeydə alınmış obyektlərin (təsərrüfat subyektlərinin) sayının artması, qeyri-dövlət sektorunda əmək müqaviləsi bağlanmış muzdlu işçilərin sayında və əməkhaqqı fondunda, eləcə də iqtisadiyyatın ayrı-ayrı sektorlarında dövriyyələrin artımı vergi daxilolmalarına müsbət təsir edib.

Şəffaflaşma istiqamətində aparılan işlər, gəlirlərin bəyanetmə səviyyəsinin və könüllü bəyanetmənin əhəmiyyətli dərəcədə qalxması, vergi inzibatçılığında həyata keçirilən islahatlar, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən artım templəri həm tədiyyə növləri üzrə, həm də qeyri-neft-qaz sektorunun əksər sahələrində vergi daxilolmalarının artımına şərait yaradıb".

E.Səlimovun sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişafı üçün ölkəmizdə münbit şərait yaradılıb: "Bu ilin 6 ayı ərzində iqtisadiyyatın müxtəlif sahələrinə 6 milyard manat həcmində sərmayə qoyulub. Nəticədə bütün sahələrdə inkişaf, artım qeydə alınıb. İqtisadiyyatın sürətli inkişafı, əldə olunan əlavə gəlirlər vətəndaşların rifahının və yaşayış səviyyəsinin yüksəldilməsinə imkan verir. Əsas hədəf dövlət başçısı tərəfindən bəyan edilmiş sosial paketin həyata keçirilməsidir. İndiyədək minimum əməkhaqqı təxminən 2 dəfə - 130 manatdan 250 manata, minimum pensiya 116 manatdan 200 manata çatdırılıb. Bura sosial müavinətlərin, məcburi köçkünlərin müavinətlərinin 50 faiz artırılması, problemli kreditlərlə bağlı məsələlərin həllini də əlavə etsək, dövlətimizin sosialyönümlü siyasətinin miqyasını aydın təsəvvür edə bilərik".

Fəxriyyə İKRAMQIZI