Suraxanı Maşınqayırma Zavodunun səhmlərinin əmək kollektivinə güzəştli satışına başlanılır

2025.08.15 14:00 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azneftkimyamaş” ASC-nin tabeliyində olan “Suraxanı Maşınqayırma Zavodu” ASC-nin səhmlərinin 15%-nin əmək kollektivinə güzəştli satışını elan edib. 1.413.005 ədəd səhmin hər birinin nominal dəyəri 2 manat təşkil edir.

Qiymətli kağızları əsas iş yeri həmin müəssisə sayılan işçilər, qanunvericiliyə uyğun olaraq həmin müəssisələrdə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər, özəlləşdirilən müəssisədə 7 ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər, 1 yanvar 1995-ci il tarixdən sonra işçilərin say tərkibinin ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər əldə edə bilər.

Müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası güzəştli satışa sifarişləri 23 sentyabr – 17 oktyabr 2025-ci il tarixlərində qəbul edəcək.

Güzəştli satışda iştirak etmək istəyən əmək kollektivi üzvlərindən və onlara bərabər tutulan şəxslərdən, “Qiymətli kağızlar bazarı haqqında” Qanuna müvafiq olaraq, investisiya şirkətlərində depo-hesabın açılması tələb olunur.

Güzəştli satışın yekunlarını təsdiq etmək üçün oktyabrın 17-də müəssisədə iştirakçıların ümumi yığıncağı keçiriləcək. Yekun sənədlər Hərracların Təşkili Mərkəzinə təqdim edilməlidir.

Hər hansı səbəbdən müəyyən edilmiş müddətdə güzəştli satış baş tutmadığı halda, həmin səhmlər qanunvericiliyə uyğun qaydada istifadə olunur.