Texnoparklarda 1,5 milyard manatdan çox məhsul istehsal edilib

2019.08.14 12:43 (UTC+04:00)

Sumqayıt Kimya Sənaye Parkından (SKSP) "Trend"ə verilən məlumata görə, 2019-cu ilin birinci yarısında sənaye parklarında 300 milyon manatdan çox məhsul istehsal olunub ki, bunun da təxminən 50 faizi ixrac olunub. Ümumilikdə isə indiyə qədər ölkədə fəaliyyət göstərən sənaye parklarında 1,5 milyard manatdan çox məhsul istehsal edilib. Bu günə qədər Azərbaycanın sənaye parklarına 3,3 milyard dollar sərmayə qoyulub. Ölkədə innovativ və yüksək texnoloji rəqabət qabiliyyətli sənayenin, qeyri-neft sektorunun davamlı inkişafını, yerli və xarici sərmayələrə çıxışı və istehsal sektorunda məşğulluğun artırılmasını təmin etmək üçün yaradılan sənaye parklarında işlər uğurla davam etdirilir.

2019-cu ilin birinci yarısında üç sənaye müəssisəsi istehsal fəaliyyətinə başlayıb, bunlardan ikisi - SOCAR Karbamid zavodu və yüksək sıxlıqlı polietilen istehsalı üçün SOCAR Polimer zavodu Sumqayıt Kimya Sənaye Parkında yerləşib. Pirallahı Sənaye Parkında "Diamed Co" şpris zavodu istifadəyə verilib. 2019-cu ilin ikinci yarısında Sumqayıt Kimya Sənaye Parkında daha iki müəssisənin - sənaye istifadəsi üçün torbalar və termoformasiya yolu ilə şüşə təbəqələr istehsalına başlamaq planlaşdırılır. Pirallahı Sənaye Parkında dərman istehsalı üçün Azərbaycan və Rusiyanın birgə müəssisəsinin yaradılması istiqamətində iş aparılır.