Azərbaycan Ukraynaya növbəti dəfə humanitar yardım göstərəcək

2025.08.11 12:19 (UTC+04:00)

Prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında Sərəncam imzalayıb.

Sənədə əsasən, bu ölkəyə Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə iki milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılmalıdır.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Azərbaycan humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardım göstərir. Belə ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə humanitar yardım göndərilib.

Azərbaycan Respublikası ilə Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq zəminində müvafiq ikitərəfli sənədlər, o cümlədən 2000-ci il 16 mart tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə”, 2008-ci il 22 may tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2022-ci il 14 yanvar tarixli “Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi” əsasında inkişaf edir.