İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, vergi sistemində aparılan islahatlar iqtisadiyyatın və qeyri-neft sektorunun inkişafı baxımından çox əhəmiyyətlidir: "Müşavirədə qeyd olunduğu kimi, vergi sistemində aparılan islahatlar, gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi məsələləri, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması ilə bağlı ölkə Prezidenti tərəfindən verilən tapşırıqlar praktik olaraq icra edilməkdədir. Vergi ödənişlərinin payının artması, rəsmi əmək müqavilələrinin sayında müşahidə olunan artım nəticə etibarilə ondan xəbər verir ki, 2019-cu il yanvarın 1-dən sonra vergi sistemində aparılan islahatlar və yenilənmiş Vergi Məcəlləsinin tətbiqi dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına şərait yaradıb".
Vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin davam
etdirilməsi, xüsusən də məmur və sahibkar münasibətlərinin minimallaşdırılması,
elektron xidmətlərdən daha çox istifadə edilməsi, eləcə də fərqli
metodlar vasitəsilə vergi mədəniyyətinin artırılması istiqamətində
həyata keçirilən işlər xüsusi vurğulanmalıdır
V.Bayramov qeyd edib ki, vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsi, xüsusən də məmur və sahibkar münasibətlərinin minimallaşdırılması, elektron xidmətlərdən daha çox istifadə edilməsi, eləcə də fərqli metodlar vasitəsilə vergi mədəniyyətinin artırılması istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmalıdır: "Bunlar vergi daxilolmalarının dayanıqlılığı baxımından vacibdir. Vergi birbaşa sahibkarlıq mühitinə təsir edən bir sistemdir. Bu kontekstdən yanaşdıqda, vergiqoyma vacib alətlərdəndir. Ölkə Prezidenti tərəfindən verilən tapşırıqlar da ona görə vacibdir ki, vergiqoyma vasitəsilə həm sahibkar üçün biznes mühitinin yaxşılaşdırılması, həm də dövlət büdcəsinə daha çox vəsaitin daxil edilməsi mümkün olsun.
Son ayların yekunları sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində vergi islahatlarının rolunun yüksək olduğunu göstərir. Yeniləşdirilmiş Vergi Məcəlləsinin ayrı-ayrı maddələrinə əsasən, qeyri-neft sektoru üzrə çalışanlar üçün gəlir vergisinə 7 il müddətində güzəştin tətbiq edilməsi, startaplar üçün vergi güzəştlərinin müəyyənləşdirilməsi, sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizə endirilməsi və bütövlükdə ümumi vergi yükünün optimallaşdırılması islahatların tərkib hissəsidir. Bunlar sahibkarların sərəncamlarında daha çox vəsait qalmasına və ümumilikdə sahibkarlıq mühitinin yaxşılaşdırılmasına müsbət təsir edən mühüm faktorlardır".
Fəxriyyə İKRAMQIZI