Fermerlərə daha 63 milyon 215 min 300 manat subsidiya ödəniləcək

2019.08.10 16:28 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Respublika Komissiyası dövlət büdcəsinin vəsaiti hesabına 31 rayon (şəhər) üzrə 278.419 istehsalçıya 907.997,97 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 62.127,7 min manat, 9 rayon (şəhər) üzrə 2.100 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 217.529,2 kiloqram yaş baramaya görə 1.087,6 min manat məbləğində subsidiya ayrılması barədə qərar qəbul edib. Bununla bağlı müvafiq sənədlər Maliyyə Nazirliyinə, "Kapital Bank" ASC-yə və aidiyyəti Dövlət aqrar inkişaf mərkəzlərinə göndərilib.

Ümumilikdə, 2019-cu ildə Respublika Komissiyası 59 rayon (şəhər) üzrə 383.665 istehsalçıya 1.214.259,08 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 83.240,7 min manat, 36 rayon (şəhər) üzrə 5.543 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 624.427,65 kiloqram yaş baramaya görə dövlət büdcəsinin vəsaiti hesabına 3 milyon 122,1 min manat məbləğində subsidiya ödənilməsi barədə qərar qəbul edib.