Yükdaşıma fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların ödədikləri MDSS və İTS haqqının hesablanması

2025.08.18 09:45 (UTC+04:00)

Məsələni aydınlaşdırmaq üçün 2 məqama diqqət etmək lazımdır.

Birinci məqam: Yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki şəxs muzdlu işçi cəlb etmədən fəaliyyətlə məşğul olursa, bu zaman MDSS və İTS haqqı aşağıdakı kimi hesablanacaq:

1. MDSS haqqının hesablanması

“Sosial sığorta haqqında” Qanunun 14.5.7-ci maddəsinə əsasən, fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitəsilə yükdaşıma fəaliyyəti üzrə - 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 6 faizi miqdarında hesablanır. Qanunun 14.5.1-2-ci maddəsinə əsasən, aylıq sosial sığorta haqqının məbləği 2026-cı il yanvarın 1-dək aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur:

• Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2
• Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5
• Digər şəhər və rayonlarda – 1

2. İTS haqqının hesablanması

“İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinə əsasən, fərdi sahibkarlar üçün icbari tibbi sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 4 faizi miqdarında hesablanır.

Misal 1: Vergi ödəyicisi Elmir Əzizov (ad şərtidir) Gəncə şəhərində muzdlu işçı cəlb etmədən yükdaşıma fəaliyyəti ilə məşğul olur. 2025-ci ilin 2-ci rübü üzrə onun tam fəaliyyəti olub. Elmir Əzizov 2-ci rüb üzrə aşağıdakı məbləğlərdə MDSS və İTS haqqı ödəyəcək (Nəzərə alaq ki, hazırda Azərbaycanda minimum aylıq əmək haqqı 400 manatdır):

Aylıq MDSS haqqı: (400 x 6%) x 1.5 = 36 manat;
3 aylıq MDSS haqqı: 3 x 36 = 108 manat;
Aylıq İTS haqqı: 400 x 4% = 16 manat;
3 aylıq İTS haqqı: 3 x 16 = 48 manat.

İkinci məqam: Yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki şəxs muzdlu işçi cəlb edərək fəaliyyətlə məşğul olursa, bu zaman MDSS və İTS haqqı aşağıdakı kimi hesablanacaq:

1. MDSS haqqının hesablanması

“Sosial sığorta haqqında” Qanunun 14.5.1.maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti üzrə – 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı hesablanır. Həmin maddəyə əsasən, aylıq sosial sığorta haqqının məbləğinə aşağıdakı faizlər tətbiq edilməklə müəyyən olunur:

• Bakı şəhərində 100 faizi;
• Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
• digər şəhərlərdə 80 faizi;
• rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
• kənd yerlərində 50 faizi miqdarında.

2. İTS haqqının hesablanması:

“İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinə əsasən, sığortalı qismində çıxış edən fiziki şəxslər üçün İTS məbləği minimum aylıq əməkhaqqının 4 faizi miqdarında müəyyən edilib.

Misal 2. Lənkəran şəhərində yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Şahin Xələfovun (ad şərtidir) 3 muzdlu işçisi vardır. O, 2025-ci ilin 2-ci rübündə tam fəaliyyət göstərib. Şahin Xələfov 2-ci rüb üzrə aşağıdakı məbləğlərdə MDSS və İTS haqqı ödəyəcək (Minimum aylıq əmək haqqı 400 manat)6

Aylıq MDSS haqqı: (400 x 25%) x 80% = 80 manat;
3 aylıq MDSS haqqı: 3 x 80 = 240 manat;
Aylıq İTS haqqı: 400 x 4% = 16 manat;
3 aylıq İTS haqqı: 3 x 16 = 48 manat.