Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi üzrə fiziki işlərin icra səviyyəsi 85 faizə çatıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, layihənin ümumi uzunluğu 82 km təşkil edir. Avtomobil yolu Göygöl və Kəlbəcər rayonlarını birləşdirir.
Yolun Toğanalı-Kəlbəcər hissəsi 56 km, Kəlbəcər-İstisu hissəsi isə 26 km uzunluğundadır. Yolun 16-cı kilometrindən etibarən Murovdağ silsiləsi başlayır və burada yüksəklik 1 700 metrdən başlayaraq 3 250 metrədək yüksəlir.
Bu ərazidə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası aparılır. Ümumi uzunluğu 23 401.8 metr olan tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Bundan əlavə, layihə çərçivəsində 561.2 m, 626.9 m, 500 m və 947.9 m uzunluğunda daha 4 tunel də tikilir.
Layihə çərçivəsində ümumi uzunluğu 2 968 metr olan 6 yol qovşağı və 4 594 metr uzunluğunda 35 bağlantı yolun tikintisi də nəzərdə tutulub.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu yol, rayon mərkəzi ilə yanaşı, bölgənin bir çox yaşayış məntəqələrinə və məşhur İstisu istirahət zonası istiqamətində rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək.