Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəllər Cəyir–Dəllər Daşbulaq və Qədimqala–Miskinli–Keçili–Xuluf avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə göstərilmiş məbləğin ilkin olaraq 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi isə göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.