Real sektorun maliyyə əlçatanlığının genişləndirilməsi üzrə yeni maliyyə aləti təqdim edilib

2025.07.22 15:46 (UTC+04:00)

1 avqust 2025-ci il tarixindən etibarən banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün yeni maliyyə alətinə çıxış imkanı verən 3 illik proqramın tətbiqi nəzərdə tutulur.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, proqram çərçivəsində bank və BOKT-lərin qeyri-rezident maliyyə təşkilatlarından cəlb etdikləri vəsaitlər manata mübadilə olunduqdan sonra AMB tərəfindən təqdim olunan maliyyə aləti ilə hedc olunacaq. Hedc olunan vəsait mikro, kiçik və orta sahibkarlıq subyektləri, ailə-kəndli təsərrüfatları və özünüməşğul əhalinin kredit və lizinq vasitəsilə maliyyələşdirilməsinə yönəldiləcək.

Proqram, həmçinin, 1 avqust 2025-ci il tarixində qüvvəyə minməzdən əvvəlki 3 ay ərzində cəlb olunan və artıq qeyd olunan hədəf qruplarının maliyyələşdirilməsində istifadə olunan vəsaitləri də əhatə edəcək. Bu halda bank və BOKT-lər mövcud aktiv hedcinq alətlərini ləğv edərək, AMB-nin təqdim etdiyi imkandan faydalana bilərlər. Bu zaman əldə olunacaq qənaətin 50 faizi müştərilərə təqdim olunan kredit şərtlərinin yüngülləşdirilməsinə yönəldiləcək.

Ümumilikdə, təqdim olunan proqram kredit təşkilatlarının xarici maliyyə bazarlarından borclanma imkanlarını genişləndirməklə ölkə iqtisadiyyatına xarici maliyyə resurslarının daxil olmasını dəstəkləyəcək.