Azərbaycanda pilot layihə olaraq həyata keçirilən “Sənaye 4.0 Hazırlıq Proqramı” texnologiyaların tətbiqi və mənimsənilməsi vasitəsilə müəssisələrin səmərəliliyini artırmaq və onların uzunmüddətli davamlı inkişafına dəstək vermək məqsədi daşıyır. Proqram çərçivəsində şirkətlərin mövcud rəqəmsal bacarıqlarının qiymətləndirilməsi, fərdiləşdirilmiş yol xəritələrinin hazırlanması, dayanıqlı inkişafa hazırlığa dair yol xəritəsinin tərtib edilməsi, maliyyə dəstəyinin göstərilməsi, habelə transformasiyanın uğurlu icrasını təmin etmək üçün davamlı əsasda metodiki dəstək və institusional potensialın gücləndirilməsi kimi tədbirlər həyata keçirilir. Artıq 3 iri şirkət - “Metak”, “Azerfloat” və Sumqayıt Texnologiyalar Parkı (STP) bu proqramı uğurla başa vurub.
Proqrama qoşulmaq istəyən şirkətlərin çox uzağa getməsinə və əyani müraciət ünvanlamasına ehtiyac yoxdur. Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) müraciətləri asanlaşdıracaq “industry4.az” saytını təqdim edib. Proqramdan faydalanmaq istəyən şirkətlər birbaşa platforma üzərindən müraciətlərini edə biləcəklər. Bəs ilkin seçim mərhələsini uğurla keçən müəssisələr proqram çərçivəsində hansı yeniliklərdən faydalanacaq və dəstək tədbirləri nəyi əhatə edəcək? 4SİM-in Təhlil və monitorinq şöbəsinin rəhbəri Əzizə Vidadi “vergiler.az”a saytda yaradılan imkanlar və proqramın üstünlüklərindən danışıb.
Bir kliklə müraciət!
Artıq proqrama qoşulmaların sürətləndirilməsinə hesablanan “industry4.az” portalı müraciətləri qəbul etməyə hazır vəziyyətə gətirilib. Portal bu proqrama vaxt itirmədən və uzaqdan qoşulmaq istəyən iqtisadi subyektlər üçün nəzərdə tutulub. İlk baxışdan sadə quruluşu ilə diqqət çəkən saytda “Müraciət et” bölməsi vasitəsilə proqrama qoşulmaq üçün ilkin müraciət etmək əlçatandır.
5 addımdan ibarət fəaliyyət
Biznes subyektləri müraciəti tamamladıqdan və ilkin seçim mərhələsini keçdikdən sonra proqram çərçivəsində 5 addımdan ibarət fəaliyyət nəzərdə tutulub. Hər şeydən öncə müəssisələrin texnoloji hazırlıq səviyyəsi qiymətləndiriləcək. İkinci addımda isə müəssisənin texnoloji transformasiyası üçün yol xəritəsi hazırlanacaq. Bununla yanaşı, növbəti mərhələdə proqram iştirakçısı olan şirkətlərə, ehtiyac yaranarsa, icra üçün maliyyə dəstəyi təmin ediləcək. Dördüncü mərhələdə texnoloji transformasiyanın uğurlu mənimsənilməsi üçün əməkdaşların bilik və bacarıqlarının gücləndirilməsi istiqamətində təlimlər həyata keçirmək nəzərdə tutulur. Sonuncu mərhələdə isə texnoloji transformasiyanın effektiv icrası üçün ekspert səviyyəsində metodiki-texniki dəstək təmin ediləcək. Hər bir müəssisə üçün proqramın müddəti 3-4 ay təşkil edəcək.
Şirkətlər hansı formada dəstəklənəcək?
Proqrama qoşularaq texnoloji transformasiyanı həyata keçirmək əzmində olan şirkətlər bir sıra dəstək tədbirləri ilə əhatə olunacaqlar. Bu müəssisələr Azərbaycan Biznesinin İnkişafı Fondu və digər mənbələrdən maliyyə dəstəyi, habelə icra mərhələsində müvafiq ekspertiza dəstəyi ilə təmin ediləcəklər.
Sənaye müəssisələri bir addım öndə
“Sənaye 4.0 Hazırlıq Proqramı”na qoşulmaq istəyən şirkətlər üçün işçi sayı böyük önəm daşıyır. Belə ki, minimum işçi heyəti 10 nəfərdən az olmayan şirkətlərin proqrama qoşulması nəzərdə tutulub. Proqramın ilkin mərhələsində hansı müəssisələrin buraya qoşulması ilə bağlı da prioritetlər müəyyənləşdirilib. Belə ki, istehsalyönümlü sənaye müəssisələri prioritet hesab olunur. Başlanğıcda istehsal müəssisələrinə üstünlük verilməsinin məqsədi biznes subyektlərinin səmərəliliyini və məhsuldarlığını artırmaqdır. Təbii ki, proqramın əsas məqsədlərindən biri də xərcləri azaltmağa hesablanmasıdır ki, bu da sənaye müəssisələrində müsbət dəyişikliklərə səbəb olacaq. Proqram inkişaf etdikcə, daha fərqli sektorlarda fəaliyyət göstərən müəssisələrin də müraciətləri qəbul ediləcək.
Sözügedən prioritet sektorlara istehsal, informasiya texnologiyaları, səhiyyə, daşınmaz əmlak, mədənçilik, nəqliyyat, tikinti, kənd təsərrüfatı, təhsil və digər uyğun sahələr aiddir.
İstehsalat sektorunun tərkibində qida və içkilər, neft məhsulları, kimyəvi maddələr, faydalı qeyri-filiz qazıntıları, əsas metallar, texnika və avadanlıqlar, həmçinin onların təmiri və quraşdırılması, rezin və plastik kütlə məmulatları, tekstil, habelə elektrik qurğular da nəzərdə tutulur.
Faiq KƏRİMOĞLU