Kənd təsərrüfatı məhsullarının pərakəndə satışı üzrə ƏDV-nin hesablanması

2019.08.09 10:20 (UTC+04:00)

Tutaq ki, "Əla" supermarketi 200 manata aldığı kənd təsərrüfatı məhsulunun üzərinə 50 manat əlavə edərək onu 250 manata satıb. ƏDV ödəyicisi 250 manatdan 18 faiz hesablamalı olduğu halda, kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsinə tətbiq olunduğu üçün vergi 50 manata (250 manat - 200 manat) tətbiq ediləcək. Bu maddə ilə bağlı 3 məsələyə diqqət yetirmək lazımdır:

1) Kənd təsərrüfatı məhsulu mütləq ölkəmizdə istehsal olunmalıdır

Misalımıza uyğun olaraq, "Əla" supermarketi Türkiyədən alınan narınginin satışını həyata keçirirsə, bu zaman həmin məhsul üzrə uçot ayrıca aparılmalı və ƏDV ticarət əlavəsinə deyil, satış qiymətinə tətbiq olunmalıdır.

2) Kənd təsərrüfatı məhsullarının satışı pərakəndə satış formasında həyata keçirilməlidir

Hər hansı vergi ödəyicisi kənd təsərrüfatı məhsullarının topdansatış fəaliyyətini həyata keçirirsə, o zaman maddənin bu tələbi həmin sahibkarlıq subyektlərinə tətbiq olunmayacaq.

3) Vergi ödəyicisi ticarət əlavəsinə ƏDV hesablanmış kənd təsərrüfatı məhsullarının uçotunu ayrıca aparmalıdır

Vergi Məcəlləsinin 174.3-cü maddəsinə əsasən, ticarət əlavəsi hesablanmış kənd təsərrüfatı məhsulları üzrə uçot aparılmadıqda, Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq, ölkəmizdə istehsal olunmuş kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı da ƏDV ümumi dövriyyədən hesablanır.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI