2025-ci ilin I yarısında “Bakı KOB evi”ndə sahibkarlara daha çox xidmət beş dövlət qurumu tərəfindən göstərilib

2025.07.21 12:34 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə 168 472 xidmət göstərilib ki, onlardan 145 501-i G2B, 22 971-i isə B2B xidmətlərdir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, hesabat dövründə sahibkarlara daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (124192), Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (13144), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (3 222), Dövlət Gömrük Komitəsi (2428) və Fövqəladə Hallar Nazirliyi (755) tərəfindən dövlət-biznes (G2B) xidmətləri göstərilib. Ümumilikdə bu ilin ilk 6 ayında bu beş qurum tərəfindən sahibkarlara 144 minə yaxın xidmət təqdim edilib.

Sahibkarlar tərəfindən adıçəkilən qurumlara yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları, mənşə sertifikatı, vergi və gömrük məsələləri, müxtəlif icazə sənədlərinin verilməsi ilə bağlı müraciətlər olunub.

Hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla üç KOB evi fəaliyyət göstərir. KOB evlərində sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox G2B və B2B xidmətlər göstərilir. KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxildir.