İqtisadçı ekspert İsmayıl Bağırov mövzunu şərh edərək bildirib ki, bu maddələrin tətbiqinin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlərin və satış dövriyyələrinin hansı vergilərdən və hansı müddətdə azad olunduğunu müəyyənləşdirməkdir. Kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə nəyin nəzərdə tutulduğunu müəyyənləşdirmək lazımdır. Çünki vergidən azad edilən yalnız kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan malların təqdim edilməsidir.
Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə (o cümlədən sənaye üsulu ilə) bunlar nəzərdə tutulur:
Misal 1. Gəlir vergisinin ödəyicisi olan fiziki şəxs 2018-ci ildə 50.000 manatlıq kənd təsərrüfatı məhsulu - taxıl istehsal etmişdir. Həmin məhsuldan buğda şəklində təqdim edərək 10.000 manat gəlir, buğdadan istehsal etdiyi unun satışından isə 45.000 manat gəlir əldə etmişdir. Bu halda onun məhsuldan buğda şəklində təqdim edərək əldə etdiyi 10.000 manat məbləğində qazanc gəlir vergisindən azaddır, un satışından əldə etdiyi 45.000 manat gəlirdən isə 9.000 manat (45.000x 20% = 9000) gəlir vergisi hesablanmalıdır.
Misal 2. ƏDV ödəyicisi olan hüquqi şəxs maldarlıq fəaliyyəti ilə məşğul olur. 2018-ci ildə o, maldarlıq fəaliyyətindən əldə etdiyi 60.000 manat məbləğində məhsulu təqdim etmişdir və bu məhsulun istehsalı ilə bağlı 10.000 manat xərci olmuşdur. Təqdim olunan məhsulun 30.000 manatı inək satışından, 20.000 manatı isə inəklərin kəsilərək ət halında satışından (bununla bağlı istehsal xərci 3.000 manat), 5.000 manatı süd satışından, 5.000 manatı isə pendir və qatıq satışından (bununla bağlı istehsal xərci 1.000 manat ) olmuşdur. Bu halda hüquqi şəxsin diri şəkildə inəklərin və onlardan alınan südün satışından əldə etdiyi 35.000 manat məbləği (30.000 + 5.000) həm ƏDV-dən, həm də mənfəət vergisindən azaddır. İnəklərin kəsilərək ət halında və onların südündən hazırlanmış pendir və qatıq satışından əldə olunan 25.000 manat (20.000 + 5000) ümumi dövriyyədən 4.500 manat (25.000 x 18% = 4500) ƏDV, ümumi dövriyyədən istehsal xərci çıxıldıqdan sonra qalan 21.000 manat ((20.000 – 3.000) + (5.000 – 1.000)) mənfəətdən isə 4.200 manat (21.000 x 20%) mənfəət vergisi hesablanmalıdır.
Misal 3. Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxs quşçuluq məhsullarının istehsalı ilə məşğul olur. 2018-ci ildə o, quşçuluq fəaliyyətindən əldə etdiyi 70.000 manat məbləğində məhsulu təqdim etmişdir. Təqdim olunan məhsulun 40.000 manatı diri şəkildə quş satışından, 30.000 manatı isə kəsilərək konservləşdirilmiş quşların satışından olmuşdur. Bu halda hüquqi şəxsin quşların diri şəkildə satışından əldə etdiyi 40.000 manat vəsait sadələşdirilmiş vergidən azaddır. Quşların kəsilərək konservləşdirilmiş satışından əldə olunan 30.000 manatdan isə 600 manat (30.000 x 2%=600) sadələşdirilmiş vergi hesablanmalıdır.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI