Vergi ombudsmanı: biznes mühiti üçün etimad, şəffaflıq və səmərəlilik MƏQALƏ

2025.07.10 14:00 (UTC+04:00)

Dayanıqlı iqtisadiyyat formalaşdırmaq qlobal biznes mühitinin ən mühüm hədəflərindəndir. İqlim dəyişiklikləri, maliyyə bazarlarında müşahidə edilən qeyri-sabit vəziyyət və iqtisadi dalğalanmalar bu məsələni daha da aktuallaşdırıb.

Sosial dəyərlə zənginləşən dayanıqlı inkişaf məqsədləri bütün cəmiyyətlər üçün vacib olan yüksək rifahın təmin olunmasına xidmət edir. Dayanıqlı iqtisadiyyatın əsaslarından biri isə biznes subyektlərinin effektiv fəaliyyətini təmin etməkdir. Çünki bu hədəfə çatmaq biznesin transformasiyasından çox asılıdır. Biznes mühitinin iştirakçıları sosial ədalət, təmiz ətraf mühit və şəffaf fəaliyyətə xidmət edən iş prinsiplərinə keçdikcə, kənar təsirlərə daha davamlı olan iqtisadiyyat quruculuğu üçün möhkəm təməllər yaranır. Bu hədəflərə çatmaqda biznes ictimaiyyətinin rolu böyükdür. Son dövrlər biznesin effektiv fəaliyyətini təşkil etmək üçün dövlət-özəl tərəfdaşlığının təşviqi, biznesə dost həllərin təcrübədən keçirilməsi və vergi ödəyicilərinin hüquqlarının müdafiə edildiyi ekosistemin təmin edilməsi ön plana keçib. Bu prinsiplərin tətbiqi genişləndikcə, işgüzar mühit də inkişaf edir. Bu baxımdan son illər ölkələr biznes və ya vergi ombudsmanının fəaliyyətinə xüsusi önəm verirlər.

Vergi ombudsmanının formalaşdırılması ilk növbədə
vergi ödəyiciləri üçün etibarlı bir mühitin yaradılmasına təminat verir

Biznes subyektlərinə effektiv hüquqi dəstək

Vergi ombudsmanı vergi ödəyicilərinin hüquqlarını qoruyan və vergi orqanlarının fəaliyyətində şəffaflıq, ədalət və hesabatlılığı təmin etməyə çalışan qurum və ya şəxsdir. İtaliya, Belçika, Yaponiya, ABŞ, Böyük Britaniya, Avstraliya, Pakistan, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Kanada, Banqladeş kimi ölkələrdə vergi ombudsmanı və ya vergi ödəyicilərinin hüquqlarını müdafiə edən adekvat struktur fəaliyyət göstərir. Biznes mühitinə dəstək baxımından vergi ombudsmanının bir çox üstünlükləri mövcuddur. Vergi ombudsmanının formalaşdırılması ilk növbədə vergi ödəyiciləri üçün etibarlı bir mühitin yaradılmasına təminat verir. Çünki bu strukturun mahiyyətində sahibkarları vergi orqanlarının əsassız qərar və ya hərəkətlərindən qorumaq, mübahisəli vergi məsələlərində neytral vasitəçi rolunu oynamaq dayanır. Bundan başqa, o, vergi qanunvericiliyinin düzgün tətbiqinə nəzarət etməklə vergi orqanları ilə münasibətlərdə şəffaflıq və ədalətin təmin olunmasına töhfə verir. Vergi ombudsmanı xarici və yerli investorların vergi sisteminə olan inamını artırır. Bir qayda olaraq, hüquq-mühafizə və inzibati təzyiqlərin azalması investisiya cəlbediciliyini yüksəldir. Çünki o, biznesin məhkəməyə müraciət etmədən mübahisələri həll etməsinə imkan verir ki, bu da vaxt və maliyyə itkilərinin azalması deməkdir. Ombudsman fərdi şikayətləri ümumiləşdirərək, nöqsanların aradan qaldırılması üçün təkliflər verir və vergi sisteminin daha da təkmilləşdirilməsinə şərait yaradır. Eyni zamanda, sahibkarlara vergi hüququ, vergi öhdəlikləri və hüquqları ilə bağlı tövsiyə və məlumat verir. Bu isə vergi pozuntularının qarşısını alır və hüquqi savadlılığı artırır. Müraciətin ödənişsiz olması hüquqi xidmətlərə çıxışı məhdud olan şəxslər üçün böyük üstünlük formalaşdırır.

Müraciətin ödənişsiz olması hüquqi xidmətlərə çıxışı
məhdud olan şəxslər üçün böyük üstünlük formalaşdırır

Azərbaycanda vergi ombudsmanının fəaliyyəti genişlənir

Azərbaycanda vergi ombudsmanı institutu 2019-cu ildə yaradılıb. Vergi ombudsmanının əsas vəzifələri vergi ödəyicilərinin hüquqlarının qorunması istiqamətində preventiv tədbirlərin görülməsi, vergi ödəyicilərinin hüquqlarının pozulması hallarının aşkarlanması, əlverişli biznes mühitinin yaradılması istiqamətində təkliflərin hazırlanması və vergi proseslərinin səmərəli təşkilinə dair tövsiyələrin verilməsidir. Bundan başqa, vergi ödəyiciləri ilə mütəmadi görüşlərin, sorğuların keçirilməsi və müraciətlərin təhlil edilməsi də vergi ombudsmanının əsas vəzifələrinə aiddir. Görülən işlərin effektivliyini təmin etmək üçün nəzarət mexanizmi də mövcuddur. Bu xüsusda, ombudsmana ünvanlanmış müraciətlərin icrasına nəzarət, iş proseslərinin keyfiyyətinin monitorinqi, keyfiyyətin monitorinqi nəticəsində fəaliyyətin daha səmərəli və vergi ödəyicilərinin hüquqlarının qorunması istiqamətində təşkilinə dair təkliflər və ya tövsiyələrin hazırlanması həyata keçirilir. Sahibkarların üzləşdiyi məsələləri dinləmək və irəli sürdükləri təkliflərlə tanış olmaq, göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün aktual məsələləri müəyyənləşdirmək üçün vergi ödəyiciləri ilə sistemli görüşlər keçirilir. İndiyədək Sumqayıt, Lənkəran, Gəncə, Bakı, Naxçıvan, Ordubad və Şəmkir şəhərlərində belə görüşlər təşkil edilib. Vergi ödəyiciləri ombudsmana elektron formada da müraciət edə bilərlər. Bunun üçün Dövlət Vergi Xidmətinin saytında müvafiq bölmə istifadəyə verilib https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet).

Ölkəmizdə vergi ombudsmanının fəaliyyətində şəffaflıq və hesabatlılıq diqqətdə saxlanılır

Vergi ödəyiciləri qarşılaşdıqları məsələlərlə bağlı vergi ombudsmanına birbaşa müraciət edə bilirlər. Ölkəmizdə vergi ombudsmanının fəaliyyətində şəffaflıq və hesabatlılıq diqqətdə saxlanılır. Mütəmadi olaraq görülmüş işlərin nəticələri ictimaiyyətə açıqlanır. Ümumilikdə isə vergi ombudsmanının mövcudluğu vergi ödəyiciləri üçün həm hüquqi məsləhət alınması, həm də mübahisəli məqamların aradan qaldırılması üçün faydalı fürsət yaratmaqla biznes fəaliyyətinin daha səmərəli təşkilini təmin edir.

Gülay NƏBİYEVA