İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Tacikistana işgüzar səfər çərçivəsində ölkənin Sənaye və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən I Beynəlxalq tekstil və yüngül sənaye forumunda təmsil olunub, müxtəlif qurumlarla bir sıra görüşlər keçirib.
50-dən çox ölkədən iştirakçı toplayan forumun nazirlər panelində çıxış edən Beynəlxalq Tekstil İstehsalçıları Federasiyasının (ITMF) baş direktoru Kristian Şindler, Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kəbir, Qırğızıstanın iqtisadiyyat və ticarət nazirinin müavini Sanjarbek Bolotov, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, İsveçrə Tekstil Qurğuları Assosiasiyasının prezidenti Davide Makabruni və tekstil sahəsi üzrə ixtisaslaşmış beynəlxalq şirkətlərin nümayəndələri tekstil sənayesinin qlobal inkişaf perspektivləri haqqında danışıblar. Paneldə Azərbaycan və Tacikistan arasında tekstil sahəsində əlaqələrin gücləndirilməsi imkanları dəyərləndirilib, eləcə də sənaye sektorunda iki ölkə arasında yol xəritəsinin hazırlanması məsələsi qeyd edilib.
Forum çərçivəsində həmçinin Azərbaycan Tekstil Assosiasiyası ilə Tacikistanın Pambıq və Tekstil Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə tekstil sənayesinin, o cümlədən dayanıqlı kənd təsərrüfatı, ipəkçilik və ticarətin birgə inkişaf etdirilməsi üzrə birgə fəaliyyət nəzərdə tutulur.