Hərracların elektron müstəviyə keçirilməsi investorların aktivliyini artırıb

2019.08.08 14:52 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərraclarda indiyədək ümumilikdə 310 elektron sifariş həyata keçirilib. Komitədən bildirilib ki, cari ilin 6 ayı ərzində hərraclarda 75 elektron sifariş olub, real vaxt rejimində 40-a yaxın vətəndaş hərraca internet vasitəsilə onlayn rejimdə qatılıb. Özəlləşmə ilə əlaqədar keçirilən hərracların elektron müstəviyə keçirilməsi investorların aktivliyini artırmaqla prosesi rəqabətli edir. Ümumilikdə 190-dək rəqabətli hərraclar keçirilib, bunlardan 62-si cari ilin 6 ayı ərzində reallaşıb.

Komitə tərəfindən özəlləşmə sahəsində tətbiq edilən yeniliklər biznes mühitinə qoşulan investorların sayını artırır. Özəlləşmə sahəsində prosedurların sadələşdirilməsi, hərracların elektron müstəviyə keçməsi, o cümlədən bu sahədə onlayn xidmətlərin təşkil edilməsi, perspektivli müəssisələrin özəlləşməyə çıxarılması xarici investorların da cəlb edilməsinə geniş imkanlar yaradır.

Onlayn qatılmaqla yanaşı, hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bununla da hərrac prosesi tam elektronlaşır. Prosesdə həm elektron qaydada, həm də canlı olaraq iştirak etmək mümkündür.