Böyük hədəfləri olan Azərbaycan startapları: süni intellekt, dayanıqlı inkişaf və rəqəmsallaşma MƏQALƏ

2025.07.08 11:43 (UTC+04:00)

Bu ilin iyununda Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika ölkələrindən olan texnologiya və biznes liderləri Bakıda bir araya gəldilər. Baku ID 2025 innovasiya festivalında iki gün ərzində müxtəlif ölkələrdən onlarla startap nümayəndələri öz məhsullarını investorlara təqdim etmək imkanı qazandılar.

Tədbir çərçivəsində ölkəmizin startap və innovasiya sahəsinin inkişafına təkan verəcək üç önəmli Anlaşma Memorandumu imzalanıb. Regionun 8 şirkəti nüfuzlu fondların dəstəyi ilə ümumilikdə 4 milyon ABŞ dolları məbləğində investisiya cəlb etməyə nail olub. Sözügedən tədbirdə stend ilə təmsil olunan bir neçə yerli startapçı hansı yeniliklərlə investorların qarşısına çıxdıqlarını “vergiler.az” ilə bölüşüblər.

Ən sürətli süni intellekt proqramları bir platformada

Artıq “Gpt”, “Claude”, “Deepseek”, “İdeogram” kimi ən yaxşı süni intellekt modellərini işlətmək üçün hər birinə əlavə ödəniş etmək və aylıq abunə olmaq geridə qalır. Azərbaycanlı gənclərin hazırlayıb ərsəyə gətirdikləri “AİNİSA” layihəsi bütün bu sadalanan proqramları bir yerdə istifadə etməyə imkan verir. Artıq 2 mindən çox istifadəçisi olan layihənin təsisçisi Cavid Kərimov deyir ki, “Chrome” brauzeri üçün ayrıca xüsusi qoşma (extension) sayəsində produktivliyi 60%-ə qədər artırmaq mümkündür. İstifadəçilər süni intellektlə səsli danışıq, səsin mətnə çevrilməsi, foto yaratmaq, “YouTube” videolarını xülasə etmək, təqdimatları hazırlamaq kimi imkanlardan rahatca yararlana bilərlər. Yerli startapçı yaxın zamanda platformaya əlavə olunacaq 2 faydalı funksiyaya diqqət çəkir. Bundan sonra “AİNİSA” dərin araşdırmalar (deep research) edə biləcək. kiçik və orta bizneslər üçün süni intellekt assistantın yaradılması da reallaşdırılacaq. Bunun sayəsində B2B (Business-to-Business) versiya ilə isə kiçik və orta bizneslər artıq asanlıqla öz süni intellekt çat assistantlarını yarada biləcəklər.

C.Kərimov beynəlxalq bazarlara çıxmaq planlarının olduğunu, bunun üçün investisiya axtarışlarının sürətləndiyini bildirir. Bu baxımdan xarici startap yarışları və akselerasiya proqramlarına müraciət edilir. Ölkəmizdə “ChatGPT”nin bir çox imkanlarını özündə birləşdirən yeganə süni intellekt layihəsi olan “AİNİSA”nın beynəlxalq uğuru da var. Belə ki, layihə 2025-ci ilin aprelində Almaniyada “Constructor” universitetinin akselerasiya proqramına qəbul olunub və iyunun 10-da bu proqramı uğurla başa vurub.

Hazırda 4 nəfərin çalışdığı komanda böyümək yolunda irəliləyir və proses davam etdikcə yeni iş yerləri də yaranacaq. C.Kərimovun sözlərinə əsasən, xüsusən, satış və marketinq sahəsində yeni mütəxəssislərə ehtiyac olacaq.

Fındıq qabığından bioplastik

Artıq istifadə etdiyimiz fındıq qabıqlarını atmayacağıq, çünki azərbaycanlı gənclər bunu bioplastikə çevirəcək yeni layihə yaradıblar. “BioShell” startapı plastik tullantıların azaldılmasına, ətraf mühitin qorunmasına və kənd təsərrüfatı ilə məşğul olan əhalinin əlavə gəlir əldə etməsinə kömək olacaq. Startapın qurucusu Qurban Davudov deyir ki, “BioShell” Azərbaycanda bioplastik istehsalı sahəsində fəaliyyət göstərən ilk layihədir. Üstəlik, fındıq qabıqlarından bioplastik istehsalı ideyası həm Azərbaycanda, həm də dünyada ilk dəfə onlar tərəfindən irəli sürülüb. Hamıya məlumdur ki, dünyada bioplastik istehsalında əsasən qida dəyərinə malik və olduqca bahalı xammal olan qarğıdalı nişastasından istifadə edilir, ancaq “BioShell” təbii tullantı sayılan və daha ucuz olan fındıq qabıqlarını emal edir. Bu üsulla istehsal xərcləri də minimuma enmiş olur.

Q.Davudovun sözlərinə əsasən, hazırda beynəlxalq bazarda bioplastiklərin ümumi dəyəri 20 milyard ABŞ dollarını ötüb və bir çox ölkələrdə bildiyimiz plastik istifadəsi mərhələli şəkildə qadağan edilir. Bu səbəbdən bioplastiklərə olan tələbat durmadan artır. “BioShell” komandası bunu nəzərə alaraq beynəlxalq bazarlara çıxmağa can atır və xarici alıcılarla danışıqlar aparılır. Startap bu ilin dekabrında İspaniyada keçiriləcək “IE Business School”un tədbirində təmsil olunacaq.

⁠Mikro və kiçik sahibkarlar üçün dövlət tərəfindən təklif edilən güzəştlərdən xəbardar olduğunu vurğulayan startapçı texnoparklara aid edilən 7 illik vergi güzəştinin cəlbedici olduğunu və yaxın zamanda texnopark rezidentliyi üçün müraciət edəcəklərini deyir.

Süni intellekt su israfının qarşısını almağa kömək olacaq

İqlim dəyişiklikləri fonunda quraqlığın artması və mütəxəssislərin həyəcan təbili çalması suya qənaət mövzusunda hamını hərəkətə keçirib. Azərbaycanlı gənclər bu mövzuda həssaslıq nümayiş etdirərək israfın önünə keçmək üçün “SuMART” startapını ərsəyə gətiriblər. Layihənin texniki direktoru Nicat Əliyevin sözlərinə görə, “SuMART” kənd təsərrüfatı və sənaye sahələrində su resurslarının daha ağıllı və səmərəli şəkildə idarə olunmasına hesablanıb. Süni intellektlə dəstəklənən proqram təminatı və naqilsiz texnologiyalar vasitəsilə su israfı minimuma enəcək, idarəetmə avtomatlaşdırılacaq və qərarvermə prosesi optimallaşacaq. Onu da nəzərə almaq lazımdır ki, dünyada mövcud olan şirin su ehtiyatlarının təxminən 70%-i məhz kənd təsərrüfatında istifadə olunur. Lakin suvarma üsulları köhnəldiyindən, suyun təxminən 40%-i israfa gedir. Üstəlik, Azərbaycanın şirin su ehtiyatları məhdud olan ölkələr sırasında yer alması startapçını hərəkətə gətirib. N.Əliyev deyir ki, “SuMART” süni intellektə əsaslanan həllər təqdim edir və bu da əkin sahələrində suvarmanı daha dəqiq və effektiv idarə etməyə, real vaxt rejimində monitorinq və uzaqdan idarəetməni həyata keçirməyə imkan verir.

Əkin sahələrinin suvarılmasını naqilsiz cihazlar vasitəsi ilə dünyanın istənilən nöqtəsində asanlıqla həyata keçirmək mümkündür. Bunun üçün istifadəçi veb panel üzərindən həftəlik suvarma planını hazırlayır və bu plan sahədə olan idarəetmə cihazlarına göndərilir. Cihazlar isə buna əsasən suvarmanı avtomatik şəkildə başladır və dayandırır. Digər tərəfdən, “SuMART” süni intellekt alqoritmləri vasitəsilə sistem istifadəçinin su istifadə vərdişlərini öyrənir, su sızması və ya anormal istehlak kimi halları müəyyən edir və sahibkarı vaxtında xəbərdar edir. Bu resurs itkilərin qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir. Beləliklə, su yalnız lazım olan miqdarda və lazımi vaxtda istifadə olunur. Nəticədə israf müəyyən qədər azalır, əməliyyat xərcləri optimallaşdırılır, üstəlik, məhsuldarlıqda da artım olur.

Yaxın zamanda platformadan istifadə edənlər bir neçə yeniliklə qarşılaşacaqlar. Bu məqsədlə torpağın nəmişliyini ölçən sensorlar, yağış yağarkən suvarmanı avtomatik dayandıracaq sensorların təmin olunması istiqamətində iş aparılır. Digər bir yenilik isə süni intellekt əsaslı olacaq. Süni intellekt əkin sahəsinin yerləşdiyi bölgə, hava şəraiti, əkilən bitki növü və miqdarı kimi parametrləri nəzərə alaraq bitkinin gündəlik su ehtiyacını proqnozlaşdıracaq və istifadəçiyə ən optimal suvarma planını təqdim etmək mümkün olacaq.

“SuMART” Türkiyədə fəaliyyət göstərən bir bələdiyyə ilə pilot layihə həyata keçirib və qardaş ölkədə başqa bir şəhər bələdiyyəsinin 6 parkında pilot testlərə start verilib. 15 cihaz satışı həyat keçirilib. N.Əliyevin sözlərinə əsasən, Azərbaycan və Türkiyə bazarında möhkəmləndikdən sonra, Mərkəzi Asiya və Yaxın Şərq olmaqla beynəlxalq bazarlara çıxmaq əsas hədəflər sırasındadır. 8 nəfərlik təcrübəli heyətlə yola davam edən “SuMART” Avropanın ən nüfuzlu akselerasiya və investisiya şirkətlərindən biri olan “Startup Wise Guys” proqramını uğurla tamamlayaraq, 100 min ABŞ dolları həcmində ilkin investisiya haqqı qazanıb.

Bir zənglə peşəkar usta yanında!

Artıq insanlar sosial şəbəkələrdə, elan saytlarında və tanışları vasitəsilə usta axtarmaq məcburiyyətində qalmayacaqlar. Məişət texnikası, təmir, elektrik, santexnika və digər ev xidmətləri üzrə peşəkar ustalar müştərilərlə vahid bir platformada birləşir. “Ustacagir.az” layihəsi ustaların xidmətlərini rəqəmsallaşdırır, onları qeydiyyata alır və sistemləşdirir. İstifadəçilər isə ustaların reytinqini, təcrübəsini və qiymətini görərək bir kliklə ustanı çağırıb problemi aradan qaldıra bilirlər. Startapın qurucusu Zaur Əliyevin sözlərinə əsasən, platforma insanların əlavə vaxt itirməyinin qarşısını aldığı kimi, ustalara da real qazanc vəd edir. Platformaya qoşulmaq istəyən ustalar öz xidmətlərini ətraflı şəkildə buraya yerləşdirlməlidirlər. Saytda hər bir usta haqqında tam məlumatlar yerləşdirilib, istifadəçi bir toxunuşla ustanın təcrübəsini, reytinqini, xidmətin qiymətini və daha öncə xidmətlərdən yararlanan müştərilərin rəylərini oxuya bilər.

Yaxın gələcəkdə mobil tətbiqin istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, beynəlxalq bazarlarda saytın istifadəsi üçün çoxdilli versiyanın hazırlanması üzərində iş gedir. Z.Əliyev deyir ki, platforma texniki olaraq Türkiyə, Mərkəzi Asiya və digər MDB ölkələrinin bazarına çıxmağa tam hazırdır. İlk mərhələdə bu regionlarda bazar araşdırmaları aparılıb və beynəlxalq əməkdaşlıqlar üçün danışıqlar başlanılıb.

Layihənin genişlənməsi ilə proqramçılar, operatorlar və region nümayəndələrinə ehtiyac yaranacağı üçün yeni şəxslərin işə qəbulu planlaşdırılır. Startapçı deyir ki, “Ustacagir.az” test mərhələsində 1500-dən çox real müştəri zəngi qəbul edib. Sifarişlərin sayının sürətlə artması ustaların tam iş rejimində fəaliyyət göstərməsinə gətirib çıxarıb.

Faiq KƏRİMOĞLU