Texnologiyaların inkişafı fonunda yerli istehsalın və kiçik sahibkarlığın dəstəklənməsi dünya ölkələrinin iqtisadi irəliləyiş üçün prioritet hesab etdikləri məsələlərdəndir. Azərbaycanda da bu tendensiya ilbəil güclənir. Bu baxımdan, ölkədə KOB subyektlərini innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnamələrinin verilməsi davam etdirilir. Belə ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclasında 7 layihəyə baxılıb və onlardan 2-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. Xatırladaq ki, ölkəmizdə innovativ sahibkarlığın inkişafına dəstək məqsədilə 2021-ci ildən etibarən bu güzəşt sənədinin verilməsinə başlanılıb və həmin tarixdən indiyədək şəhadətnaməni alan KOB subyektlərinin sayı 215-ə çatıb.
Nə yemək istədiyini süni intellektlə “iLoyal”da müəyyənləşdir
Artıq restoranda əyləşərkən ofisiant çağırmaq üçün əl qaldırmaq və ya uzaqdan onu səsləməyə ehtiyac yoxdur. Müştəri zaman sərf etmədən masa üzərindəki QR kodu oxutmaqla menyuya baxa, sifarişini verə, ödənişi edə və hətta ona xidmət edəcək ofisiantla mesajlaşa da bilər. Bütün bu deyilənlər bir proqram üzərindən – “iLoyal” vasitəsilə reallaşır. Sadə dillə ifadə etsək, “iLoyal” restoranların rəqəmsal beyni rolunu oynayacaq. Proqram sayəsində idarəçilər bütün sifarişləri və hesabatları real vaxtda izləyə, satış analitikalarına baxa və işçi performansını ölçə bilərlər. Startapın təsisçisi Nizami Zamanov deyir ki, layihə yalnız onlayn menyu və sifariş tətbiqi deyil, eyni zamanda süni intellekt dəstəyi, sadiqlik proqramları, real vaxtda sifariş izləmə, çoxlu filial idarəçiliyi, ofisiant çağırış funksiyası, QR kod üzərindən sifariş və tam inteqrasiya olunmuş ödəniş sistemi ilə təchiz edilmiş müasir platformadır.
Həm restoran işçilərinin, həm də müştərilərin işini yüngülləşdirən layihənin veb versiyası ilə yanaşı, “iOS” və “Android” sistemlərində işləyən mobil tətbiqi də əlçatandır. Sadə interfeysi ilə fərqlənən bu tətbiq üzərindən restoran sahibi öz smartfonunda satışları izləyə, dərhal dəyişikliklər edə, hətta çap əmrlərini göndərə bilər. Qonaq isə tətbiqdən QR kodla daxil olaraq, saniyələr içində sifarişini verə bilir.
Startapçının sözlərinə əsasən, hər şey bulud əsaslıdır və heç bir texniki təcrübəyə ehtiyac yoxdur. “iLoyal” Azərbaycanda ilk dəfə olaraq menyu daxilində süni intellektlə istifadəçiyə “nə yemək istədiyini” təklif edən sistem təqdim edir. Yəni qonaq sadəcə büdcəsini və istəklərini qeyd edir, süni intellekt isə onun üçün ən uyğun yemək kombinasiyasını hazırlayır. Tətbiqdə POS sistemi, rezervasiya, marketinq kampaniyaları, analitika, multi-rol istifadəçi idarəetməsinə xüsusi yer ayrılıb. Hər restoran üçün fərdi həllər yaradılır.
Yaxın zamanda tətbiqin “Telegram”a inteqrasiya edilməsi planlaşdırılır. Bundan əlavə, “Generativ AI” ilə müştəri suallarının avtomatik cavablandırılması və milli loyallıq platformasına çıxış kimi müştərilərin bəyənəcəyi funskiyalar təqdim ediləcək. Proqram üzərindən qonaqlar arasında söhbət funksiyası da qısa zamanda əlçatan olacaq.
N.Zamanov deyir ki, uzunmüddətli məqsəd məhsulu Avropa, ABŞ və Mərkəzi Asiya bazarlarına çıxarmaqdır. Hazırda 4 ölkədə - Azərbaycan, Türkiyə, Özbəkistan və Almaniyada 100-dən çox restoran bu sistemi aktiv istifadə edir və istifadəçi məmnuniyyəti 95 faizdən yuxarıdır. “Startap” şəhadətnaməsi ilə vergi güzəştinin yaradılmasını mühüm addım hesab edən həmsöhbətimiz bunun hesabına qənaət olunan məbləği məhsulun inkişafına, xarici bazarlara çıxış planlarına və təbii ki, yeni iş yerləri yaratmağa sərf etdiklərini bildirir. Bu dəstəyi, bir növ, dayaq olaraq görən startapçı hesab edir ki, belə layihələr ölkə daxilində texnoloji innovasiyanın sürətlənməsinə səbəb olur.
Yerli, sağlam və orqanik məhsullar bir platformada
Ölkənin yerli istehsalçıları, fərdi sahibkarlar və kiçik biznes sahibləri onlayn mühitdə birləşir. Həm qida, həm də qeyri-qida məhsullarını əhatə edən, geniş və innovativ “marketplace” platforması olan "safbazaar.com" üzərindən müştərilərə yerli, sağlam, təbii və unikal məhsullar təqdim edilir. Kiçik bizneslərin, xüsusən, kənd təsərrüfatı məhsulları, qida və qeyri-qida məhsullarının rəqəmsal ticarətə inteqrasiyasında müəyyən çətinliklər var. Üstəlik, kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərin rəqəmsal platformalarda təmsil olunmaq üçün lazımi resurs və texniki imkanları da yetəri qədər deyil. “Safbazaar” məhz bu boşluqları doldurmaq üçün yaradılıb və layihə kiçik brendlər və istehsalçılar üçün hazır texnoloji infrastruktur təqdim edir. Hazırda 8-dən çox mağaza platforma ilə əməkdaşlıq edərək öz məhsullarını satışa çıxarır. Təkcə qida məhsulları deyil, həmçinin ev heyvanları üçün məhsullar, gündəlik həyat üçün zəruri əşyalar, kosmetik vasitələr, fərdi hazırlanmış hədiyyəlik və dekorativ aksesuarlar və buna bənzər digər qeyri-qida məhsulları müştərilərə təqdim edilir. Çeşidin zəngin olması alıcılar üçün müxtəlif seçim imkanları yaratmaqla yanaşı, fərqli sahələrdən olan satıcıların bir platformada cəmlənməsi üçün bazarda rəqabəti stimullaşdırır.
Layihənin qurucusu və texniki rəhbəri Cəmil Muradovun sözlərinə görə, platformadan istifadə etmək istəyən satıcı üçün heç bir texniki bilik tələb olunmur və sistem hər kəsin rahat anlaması üçün sadə interfeys üzərində formalaşdırılıb. Satıcılara idarəetmə paneli verilir və orada məhsulların əlavə edilməsi, qiymətlərin təyin olunması, sifarişlərin idarə edilməsi, müştəri sorğularına cavab verilməsi kimi bütün əsas əməliyyatlar rahat şəkildə icra olunur. Alıcılar isə marketə getmədən sayta daxil olub bir kliklə istədikləri yerli məhsulu sifariş edə bilirlər. Saytda yaradılmış xüsusi kuryer sistemi vasitəsilə bütün sifarişlər avtomatik həyata keçirilir. Yəni məhsulunu satışa çıxaran mikro və ya kiçik sahibkar onu müştəriyə necə çatdıracağı sualı ətrafında düşünmür.
Hazırda “safbazaar”ın yalnız veb üzərindən fəaliyyət göstərməsinə rəğmən, yaxın zamanda mobil tətbiq də istifadəyə veriləcək. Bu da müştəri və satıcılar üçün yeni bir onlayn mağaza təcrübəsi formalaşdıracaq. Logistika və çatdırılma şəbəkəsinin genişləndirilməsi də əsas hədəflər arasındadır, bu, xüsusən, regionlarda xidmətin əlçatanlığını təmin etməyə hesablanıb. Hazırda komanda yeni mağaza və brendlərin platformaya qoşulması, müştərilər üçün loyallıq proqramının tətbiqi, süni intellekt və analitika vasitəsilə satışların optimallaşdırılması üzərində işləyir.
“Startap” şəhadətnaməsinin verdiyi güzəşti böyük dəstək adlandıran C.Muradov bu imkan sayəsində layihəni daha da genişləndirməyə fokuslandıqlarını bildirir. Planlar da artıq masa üzərindədir. Qarşıdakı dönəmdə layihənin marketinq və texniki tərəfinin təkmilləşdirilməsi həyata keçiriləcək. Həmsöhbətim əmindir ki, təqdim etdikləri platforma Azərbaycanın rəqəmsal iqtisadiyyatına yeni nəfəs gətirir və sahibkarların rəqəmsal bazara çıxışında bir sıra maneələri aradan qaldırır. Artıq “safbazaar” komandası ilkin investisiya cəlb etməyi də bacarıb, müştərilərdən gələn ilk sifarişlər uğurla ünvanlara çatdırılıb.
Faiq KƏRİMOĞLU