Son illər qlobal çağırışlar şəraitində ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi genişlənir. Bunu şərtləndirən amillərə ətraf mühitlə bağlı məsələlərin aktuallaşması, sosial tələbatın genişlənməsi, effektiv idarəetmə sistemlərinin gündəmə gəlməsi, investorların seçimləri, rəqabətdə üstünlük və ictimai nüfuzun əhəmiyyətli xarakter almasını aid etmək olar. Bu kontekstdə ESG yönümlü investisiyaların artması, beynəlxalq qurumlar tərəfindən ESG hesabat standartlarının hazırlanması və bu sahədə reytinqlərin açıqlanması gündəmdədir.
Azərbaycanda ESG prinsiplərinin tətbiqinin
genişləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir
Dünya ölkələrində ESG-yə yanaşmalar
İqtisadiyyatın müxtəlif sahələrində ESG standartları özüəməxsus şəkildə tətbiq edilir. Məsələn, energetika və neft-qaz sektoru üzrə karbon izinin azaldılması və təmiz enerji layihələri əsas prioritetdir. Maliyyə sektoru üzrə ESG kriteriyalarına uyğun kredit və investisiya portfellərinin qurulması geniş yayılıb. İstehsalat və sənaye sahəsində fəaliyyətin ətraf mühitə təsirinin azaldılması və işçi hüquqlarına riayət ESG-nin əsas prioritetləridir. Texnologiya sektorunda isə ESG məlumat təhlükəsizliyi və sosial məsuliyyətə diqqətin artırılması ilə səciyyələnir. Social Impact Integrated Scoring (SIIS) — sosial təsirin qiymətləndirilməsi və inteqrasiya olunmuş qiymətləndirmə sisteminin 2025-ci il üçün əldə edilmiş nəticələrinə görə, Danimarka, Finlandiya, Norveç, İsveçrə, Niderland, Almaniya, Yeni Zelandiya, Avstriya, İrlandiya, Fransa, İslandiya, Lüksemburq, Belçika, Kanada, Birləşmiş Krallıq, Portuqaliya, Avstraliya, Yaponiya və Cənubi Koreya ətraf mühitin qorunması, sosial ədalət və şəffaf idarəetmə sahələrində yüksək göstəricilərə malikdirlər. Avropa İttifaqının 2024-cü ildə qəbul etdiyi Korporativ Davamlılıq Hesabatı Direktivi (CSRD) böyük şirkətləri ESG məlumatlarını açıqlamağa vadar edir. Bu tənzimləmənin Aİ ölkələrində geniş tətbiq olunacağı gözlənilir. Yaponiya və Cənubi Koreya da TCFD (Climate Financial Disclosures) prinsiplərinə uyğun olaraq iqlimlə bağlı məlumatların açıqlanmasını nəzərdə tutur. Sinqapur da 2025-ci ildən etibarən ISSB (International Sustainability Standards Board) standartlarına uyğun olaraq ESG məlumatlarının açıqlanmasını təmin edir. Braziliya və Hindistanda isə ESG məlumatlarının açıqlanmasını təşviq edən təşəbbüslər üzərində iş gedir.
Vergi siyasəti ESG-nin təşviqində güclü alət olaraq çıxış edir
Ölkəmizdə ESG-nin təşviqi
Azərbaycanda ESG prinsiplərinin tətbiqinin genişləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Yaşıl investisiyaların dəstəklənməsi üçün ətraf mühitə müsbət təsir göstərən və enerji səmərəliliyini dəstəkləyən layihələrə vergi güzəştləri verilir. Bu baxımdan elektrik və hibrid avtomobillər üçün vergi güzəştləri, elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularına tətbiq olunan güzəştlər, investisiya təşviqi sənədi üzrə təşviqlər, köhnə maşınların ölkəyə idxalı zamanı aksiz vergisinin yüksəldici əmsalla tətbiqi və s. həyata keçirilir. İşçilərin sosial müdafiəsini artıran və vergi yüklərini ədalətli bölüşdürən mexanizmlər ESG-nin sosial komponentini gücləndirir. Vergi siyasəti ESG-nin təşviqində güclü alət olaraq çıxış edir. Bundan başqa, ölkəmizdə ESG üzrə milli standart da qəbul olunub. Bu standart müəssisə və təşkilatlarda ESG prinsiplərini tətbiq etməklə müasir biznes mühitində dayanıqlı inkişafı dəstəkləmək və sosial məsuliyyəti təşviq etmək üçün çərçivə təqdim edir.
Azərbaycanda ESG prinsiplərinin tətbiqi çərçivəsində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya tərəfindən ESGhub.az Platforması yaradılıb. Məqsəd birgə səylər vasitəsilə davamlı inkişafı dəstəkləmək və ESG təcrübələrinə sadiq qalan maraqlı tərəflər üçün resurslar və şəbəkə imkanları təmin etməkdir. Bütün bu tədbirlər ESG prinsiplərinin iqtisadiyyata inteqrasiyası ilə dayanıqlı inkişafın təşviqinə və biznes subyektlərinin rəqabət qabiliyyətinin artmasına töhfə verir.
Gülay NƏBİYEVA