Azərbaycanın kiçik və orta sahibkarlıq sahəsində təcrübəsini öyrənmək məqsədilə Özbəkistan Respublikasının Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin nümayəndələri ölkəmizdə səfərdə olublar.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti “Bakı KOB evi”ndə sahibkarlara vahid məkanda xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olub.
Agentlikdə keçirilən görüşlərdə Özbəkistan nümayəndə heyəti üçün KOB sahəsində milli qanunvericilik, KOBİA-nın fəaliyyəti, KOB subyektlərinə göstərilən dəstək və xidmətlər, o cümlədən “KOB dostu” və KOB evi mexanizmləri barədə təqdimatlar keçirilib, onları maraqlandıran suallar cavablandırılıb. KOBİA-nın əməkdaşları və Özbəkistan nümayəndə heyəti arasında KOB sahəsində təcrübə və fikir mübadiləsi aparılıb.