Altı ay ərzində "Yaşıl kart" beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çox – 1 milyon 359 min 162 manat təşkil etmişdir. Sığorta hadisələrinin sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artaraq 219-a çatmışdır.
Qeyd edək ki, "Yaşıl kart" beynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən, Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda 48 ölkənin üzv olduğu sistemə Azərbaycan 28 may 2015-ci il tarixində qəbul edilmiş və 2016-cı il yanvarın 1-dən sistem çərçivəsində fəaliyyət göstərir.