Bu ilin yanvar-may aylarında dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər açıqlanıb

2025.06.18 15:12 (UTC+04:00)

Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, qurum tərəfindən 2025-ci ilin yanvar-may ayları ərzində 18 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 424 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-may ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 68,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz çoxdur.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin ilk 5 ayı ərzində 233-ü qeyri-yaşayış, 1.519-u torpaq sahələri üzrə olmaqla 1.752 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 18 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 18,6% artım qeydə alınıb.

Beləliklə, 2025-ci ilin yanvar-may ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 86,6 milyon manat vəsait daxil olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz çoxdur.